03.06.2016

"Bərdə tarixin aynasında" mövzusunda tədbir keçirilib.

      Bərdədə şəhər gənclər və idman idarəsinin və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə "Bərdə tarixin aynasında" mövzusunda  tədbir keçirilmişdir. Tədbirdə rayonun fəal gəncləri,məktəblərinin tarix, coğrafiya fənn müəllimləri və şagirdlər iştirak etmişlər.

     Vətənimizin azadlığı uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, rayon təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov mövzu ilə bağlı ətraflı məlumat vermişdir. Dünyanın ən qədim yaşayış məskənlərindən olan Azərbaycanın həm də ulu tarixə malik şəhərlər diyarı olduğu qeyd edilmişdir. Həmin şəhərlərdən biri də vaxtilə ölkənin siyasi, iqtisadi və mədəni mərkəzi - paytaxtı olmuş, dahi Nizaminin vəsf etdiyi Bərdədir. Diqqətə çatdırılmışdır ki, orta əsrlərdə Yaxın və Orta Şərqin nəhəng şəhərlərindən olmuş qədim Bərdənin tarixini bilmək hər bir azərbaycanlı yeniyetmənin və gəncin borcudur. 

    Akademik Z.Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyin tarix müəllimi Könül Kazımova qədim Bərdənin tarixi barədə, şəhər 8 saylı və B.Məmmədov adına Yeni Əyricə kənd tam orta məktəbinin coğrafiya müəllimləri Sevinc Məmmədova və Fəxriyyə Süleymanova çıxış edərək Bərdənin tarixi və coğrafi mövqeyi barədə geniş məlumat vermişlər (mövzu ilə bağlı hazırlanmış videoçarxlardan və videoslaydlardan istifadə olunmuşdur).

      Bərdə Şəhər Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Aydın Qasımov çıxışında Bərdə şəhərinin dünyanın ən qədim insan məskənlərindən olmuş Azıx yaşayış məskəninə yaxın bir ərazidə - Kür və Tərtər çayları arasında salınmasından, mənbələr, arxeoloji materiallar və etnoqrafik müşahidələr əsasında aparılmış tədqiqatların Bərdənin çoxəsrlik və zəngin tarixə malik olması qənaətinə gəlməsinə imkan verməsindən bəhs etmişdir. Qeyd edilmişdir ki, Cənubi Qafqazda, qədim və beynəlxalq ticarət yollarının kəsişdiyi yerdə yaranaraq inkişaf etmiş Bərdə şəhəri Azərbaycan xalqının iqtisadi, siyasi və mədəni həyatında mühüm rol oynamışdır. Bərdə orta əsrlərdə, mənbələrin dili ilə desək, "Arranın anası" olmuşdur.

    Tədbirdə T.İsmayılov adına şəhər 1 saylı tam orta məktəbin şagirdləri hazırladıqları maraqlı musiqi kompozisiyasını iştirakçılara təqdim etmişlər.


Açar sözlər: ,  ,