23.01.2019

Şəhidlərin xatirəsinə ucaldılmış abidənin açılışı olub

             Yanvarın 22-də Dəymədağıldı kənd tam orta məktəbdə respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş kəndin 8 şəhidinin xatirəsinə ucaldılmış abidənin açılışı olub.

         Tədbirdə Bərdə rayon Təhsil Şöbəsinin müdiri Rzaqulu Şərifov, Bərdə Cümə məscidinin imamı Hacı Ramazan, Qarabağ əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin Bərdə rayon şöbəsinin sədri Etibar Hüseynova, Şirvanlı kənd İcra nümayəndəliyi, Qarabağ döyüşlərinin iştirakçıları, şəhidlərin ailə üzvləri və kənd sakinləri iştirak ediblər.

            Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Bərdə Cümə Məscidinin imamı şəhidlərin ruhuna dua oxuyub.

             Tədbirdə çıxış edən Bərdə Rayon Təhsil Şöbəsinin müdiri Rzaqulu Şərifov bildirib ki, Vətənini uca tutanı Vətən də uca tutar. Ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş oğulları unutmağa haqqımız yoxdur. Onların müqəddəs əməllərini layiqincə qiymətləndirmək və bunu gələcək nəsillərə çatdırmaq bizim ümdə vəzifəmizdir.

               Tədbirdə abidənin tikilməsinin təşəbbüskarı, Qarabağ döyüşlərinin iştirakçısı olmuş Elxan Kərimov, Qarabağ əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin Bərdə rayon şöbəsinin sədri Etibar Hüseynova, Şirvanlı kənd İcra nümayəndəsi Xaləddin Səlimov və şəhidlərin ailə üzvləri də çıxış edərək şəhidlərin qəhrəmanlıqla dolu döyüş yollarından danışıb, şəhidlərə və onların ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

               Sonra şəhidlərin xatirəsinə ucaldılmış abidənin üzərindən ağ örtük götürülüb. Tədbir iştirakçıları abidənin önünə tər gül-çiçək dəstələri düzüblər.

               Tədbir şagirdlərin hazırladıqları ədəbi-bədii kompazisiyanın təqdimatı ilə davam edib.


Açar sözlər: ,  ,