30.01.2019

"Açıq qapı" günləri keçirilib

         Bərdə Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən, uğurlu nəticələr əldə etmiş məktəblərin qabaqcıl təcrübələrinin təbliğ və tətbiq olunması istiqamətində "Açıq qapı" günləri keçirilib.

            "Açıq qapı" günlərinin təşkil edilməsinin əsas məqsədləri məktəbdə tədrisin və keyfiyyətə nəzarət işinin təşkili ilə bağlı təcrübə mübadiləsi aparmaq, məktəbdə psixoloji işin təşkili səviyyəsi və bu istiqamətdə mövcud olan müasir təcrübələr və yanaşmalarla tanış olmaq olub.

                Bundan başqa, "Açıq qapı" günlərində məktəbin məktəbdənkənar fəaliyyətinin təşkili və icmalarla işin təşkil edilməsi sahəsində mövcud olan innovativ yanaşmaları da öyrənilib. Müxtəlif fənlərin (riyaziyyat, fizika, kimya, biologiya, tarix, coğrafiya, xarici dil, informatika) və ibtidai təhsilin (Ana dili) tədrisi səviyyəsinin nümayiş etdirilməsi, ümumilikdə dərsin planlaşdırılması və qiymətləndirilməsi, dərsin dinlənilməsi istiqamətində yeni strategiyalarla tanış olmaq və fikir mübadiləsi aparmaq "Açıq qapı" günlərinin əsas istiqamətlərindəndir.

               “Açıq qapı” günləri ərzində RTŞ-nin əməkdaşları və məktəb müəllimləri dərslərdə iştirak edib, dərs prosesi ilə tanış olublar. “Açıq qapı” günləri təkcə dərslərin izlənilməsi prosesi deyil, eyni zamanda istedadlı uşaqların üzə çıxarılması ilə bağlı görülən işlərlə də tanış olmaqdır. Bu cür “Açıq qapı” günlərinin ardıcıl olaraq hər ay iki məktəbdə təşkil edilməsi planlaşdırılır.


Açar sözlər: ,  ,  ,  ,