21.10.2019

“Sağlam gələcək naminə erkən nikaha yox deyək!” mövzusunda dəyirmi masa keçirilib

            Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecində Bərdə Rayon Təhsil Şöbəsi, rayon Gənclər və İdman İdarəsi və Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecinin birgə təşkilatçılığı ilə “Sağlam gələcək naminə erkən nikaha yox deyək!” mövzusunda dəyirmi masa keçirilib.

           Tədbirdə Rayon Polis Şöbəsinin, Təhsil şöbəsinin, Rayon Mərkəzi Xəstəxanasının nümayəndələri və rayonun fəal gəncləri iştirak ediblər.

              Yığıncağı giriş sözü ilə Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecinin müəllimi, aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev açaraq tədbir iştirakçılarını salamlayıb və mövzu ilə bağlı məlumat verib. Qeyd edib ki, “Birmənalı olaraq yetkinlik yaşına çatmayan qızların məcburən nikaha daxilolma halı valideyn tərəfindən uşağa qarşı törədilən zorakılıqdır. Qızlarını erkən yaşda ailə qurmağa məcbur edən valideynlər bunu çox vaxt maddi çətinliklə bağlayırlar. Belə hallar isə sonda ağır fəsadlarla nəticələnir”.

            Bərdə rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Fidan Nəsirli çıxış edərək mövzunun əhəmiyyətindən danışıb və erkən yaşda nikaha daxil olmanın sosial problem kimi aktual mövzulardan biri olduğunu bildirib. F.Nəsirli yeniyetmələr arasında bağlanılan nigahların törətdiyi fəsadlar haqqında maarifləndirmə işlərinin mütəmadi aparılmasından, bu mövzu ilə bağlı idarənin keçirdiyi tədbirlərdən söhbət açıb.

               Rayon Polis Şöbəsinin polis mayoru Rəhim Quliyev çıxış edərək erkən nigahla bağlı statistik məlumatlardan, erkən nigahlarda boşanma hallarının daha çox olmasından danışıb.

          Bərdə rayon Təhsil şöbəsinin metodistləri Sədiqə Vəliyeva, Aygün Xəlilova çıxış edərək bildiriblər ki, təhsilalma yaşında olan bir qız ailə qurmaga məcbur edilirsə, bu onun psixoloji travma almasına və gələcəkdə zəif və mövqesiz insana çevrilməsinə səbəb olur.

          Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecinin müəllimi Aydın Zeynalov bildirib ki, bu gün erkən nikahların, həmçinin boşanmaların səbəblərini axtarmalıyıq. Bu kimi problemlərin həlli yolunda isə dövlət orqanları mütəmadi güclü maarifləndirmə işləri aparmalıdır.

               Şəhər Polikilinikasının həkim-terapevti Gülnarə Əliyeva erkən yaşlarda nikaha daxil olan yeniyetmələrin reproduktiv sağlamlıqla bağlı problemlər yaşamasından, ana və uşaq ölümlərindən danışıb. Onun sözlərinə görə son illərdə Azərbaycanda həm erkən nikahların, həm də yeniyetmə dövründə dünyaya övlad gətirən qadınların sayı artıb.

                Sonda mövzu ilə bağlı gəncləri maraqlandıran suallar cavablandırılıb.