Məktəblilərin fənn olimpiadaları

Məktəblilərin fənn olimpiadaları Azərbaycan Respublikasının təhsil nazirinin 12.12.2014-cü il tarixli əmri ilə təsdiqlənmiş “Məktəblilərin fənn olimpiadalarının təşkili və keçirilməsi Qaydaları”na uyğun keçirilir.

Fənn olimpiadalarının keçirilməsində əsas məqsəd şagirdlərdə keyfiyyətli təhsil alma, biliklərə marağı artırmaq və özünə inam hisslərini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməklə onların potensial imkanlarının inkişafını təşkil etmək istiqamətində tədbirlər müəyyənləşdirmək, şagirdlərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdan ibarətdir.

Fənn olimpiadalarının yekunlarına görə, şagirdlərin əldə etdiyi nəticələr müvafiq fənn müəllimlərinin, məktəbin, yerli təhsili idarəetmə orqanının fəaliyyətinin qiymətləndirilməsində əsas meyarlardan biri kimi nəzərə alınır.

Ümumi təhsil müəssisələrinin rəhbərləri, yerli təhsili idarəetmə orqanları istedadlı şagirdlərin müəyyənləşdirilməsi və fənn olimpiadalarına hazırlığını təmin etmək üçün birbaşa məsuliyyət daşıyırlar.

Fənn olimpiadaları IX-XI sinif şagirdləri cəlb olunmaqla Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya, informatika fənləri üzrə təşkil edilir. Fənn müəllimi və məktəb psixoloqunun təqdimatı əsasında xüsusi istedadı ilə seçilən aşağı sinif şagirdləri də fənn olimpiadalarına cəlb oluna bilər.

 

Fənn olimpiadalarının təşkili

 

- Fənn olimpiadalarının şəffaf, obyektiv və tələb olunan səviyyədə keçirilməsini təmin etmək məqsədilə Yerli və Respublika təşkilat komitələri və hər fənni əhatə etməklə apelyasiya komissiyaları yaradılır.

-  Təşkilat komitələri fənn olimpiadalarının bu Əsasnaməyə uyğun qaydada keçirilməsi üçün lazımi tədbirlər görürlər.

- Yerli təşkilat komitəsi rayon (şəhər) təhsil şöbəsi (idarəsi) müdirinin, Respublika təşkilat komitəsi isə Azərbaycan Respublikasının təhsil nazirinin əmri ilə yaradılır.

-  Yerli təşkilat komitəsinin tərkibi rayon (şəhər) təhsil şöbəsinin (idarəsinin) müvafiq məsul işçiləri, qabaqcıl müəllimlər, valideynlərin nümayəndələrindən ibarət olur. Yerli təşkilat komitəsi 5 (beş) nəfərdən ibarət olmaqla yaradılır. Yerli təşkilat komitəsinin sədri rayon (şəhər) təhsil şöbəsinin (idarəsinin) müdiri olur.

-  Respublika təşkilat komitəsi Təhsil Nazirliyinin məsul əməkdaşlarından ibarət tərkibdə formalaşır. Respublika təşkilat komitəsinin səlahiyyət müddəti 1 (bir) il, tərkibi isə 7 (yeddi) nəfərdən ibarət olmaqla Azərbaycan Respublikası təhsil nazirinin əmri ilə yaradılır. Respublika təşkilat komitəsinə təhsil nazirinin müavini sədrlik edir.

- Olimpiadaların yekun nəticələrindən narazı qalmış şagirdlərin yazı işlərinə yenidən baxılması üçün Respublika təşkilat komitəsi tərəfindən hər fənn üzrə 3 (üç) nəfər mütəxəssisdən ibarət apelyasiya komissiyası yaradılır.