16.11.2021

Eksternat imtahanları barədə elan

Əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub ümumi orta və tam orta təhsil səviyyəsini bitirə bilməyən şəxslər üçün 16 noyabr 2021-ci il tarixdən 15 dekabr 2021-ci il tarixədək eksternat təhsilalma forması üzrə sənəd qəbulu, aralıq imtahanları isə 20-28 dekabr 2021-ci il  tarixlərində həyata keçiriləcək. Eksternat qaydasında imtahanlar əvvəlki illərdə Şuşa Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində təhsil almış, lakin ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə şamil olunur.

İmtahanda iştirak etmək istəyən şəxslər Şuşa Rayon Təhsil Şöbəsinə aşağıdakı sənədlərlə müraciət etməlidirlər:

1. Şəxsiyyət vəsiqəsinin skan olunmuş surəti;

2. 3x4 ölçüdə fotoşəkil; (4 ədəd)

3. Tam orta təhsil səviyyəsi üzrə eksternat təhsilalma formasında imtahanlarda iştirak üçün (11-ci sinif üzrə) müraciət edildiyi halda ümumi orta təhsil haqqında attestatın (şəhadətnamənin) skan olunmuş surəti;

4. Təhsil müəssisəsindən neçənci sinfi bitirdiyinə dair arayışın skan olunmuş surəti;

5. Hərbi xidmət haqqında sənədin skan olunmuş surəti;

6. Şuşa Rayon Təhsil Şöbəsinin müdirinin adına ünvanlanmış ərizənin skan olunmuş surəti  

Ümumi orta təhsil səviyyəsi haqqında attestat almaq üçün müraciət edən şəxslərin yaşı 16-dan, tam orta təhsil səviyyəsi haqqında attestat almaq üçün müraciət edənin yaşı 18-dən aşağı olmamalıdır.

Müraciət edən şəxslər buraxılış imtahanlarından öncə  əsas fənlərdən ibarət aralıq imtahanda iştirak edirlər. Nəticələr Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarına kimi açıqlanır. İmtahanlarda uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi və tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək  hüququ qazanacaqlar.