09.04.2025

Aprelin 9-da "Zəkaların mübarizəsi" olimpiadasının şahmat turniri istiqaməti üzrə regional mərhələsi təşkil olunub

Aprelin 9-da "Zəkaların mübarizəsi" olimpiadasının şahmat turniri istiqaməti üzrə regional mərhələsi təşkil olunub. Olimpiadada rayon təhsil sektorları üzrə ümumilikdə, 7 komanda üzrə 35 şagird mübarizə aparıb.

FİDE qaydaları əsasında keçirilən şahmat turnirində Ağcabədi rayon komandası xal hesabı ilə digər komandaları üstələyərək qalib olub.

 

Qeyd edək ki, şahmat turniri Regional və Respublika  mərhələsi olmaqla iki mərhələdən ibarətdir. Hər iki mərhələ üzrə komanda yarışları FIDE qaydaları əsasında keçirilir. Ən yüksək nəticə göstərmiş komanda regional mərhələnin qalibi sayılır və respublika mərhələsində iştirak etmə hüququ qazanır. Region üzrə qalib olan komanda (rayon və ya şəhər) final mərhələdə həm rayonu həm də regionu təmsil edir.

 

Növbəti həftələrdə olimpiadanın bilik yarışı istiqaməti üzrə regional mərhələsi təşkil olunacaq. Bilik yarışında məktəblilər riyaziyyat, rəqəmsal texnologiyalar, təbiət və humanitar elmlər, mədəniyyət və incəsənət sahələrində bilik və bacarıqlarını nümayiş etdirəcəklər.

 

Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə layihəsi olan "Zəkaların mübarizəsi" olimpiadasının keçirilməsində əsas məqsəd ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərdə fənlərin dərindən öyrənilməsinə marağın artırılması, onların dünyagörüşünün genişləndirilməsi, sağlam rəqabət mühitinin formalaşdırılması, müxtəlif regionlardan olan şagirdlər arasında dostluq əlaqələrinin qurulması və ümumilikdə, öyrənməyə təşviq etməkdən ibarətdir.

 

Uğur qazanan Ağcabədi rayon komandasının üzvlərini təbrik edir, onlara olimpiadanın respublika mərhələsində uğurlar arzulayırıq.


Açar sözlər: