04.07.2023

Qarabağ Regional Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinə laborant, kitabxanaçı (kitabxana müdiri), uşaq birliyi təşkilatının rəhbəri, təsərrüfat müdiri (təsərrüfat işləri üzrə direktor müavini) və psixoloq vəzifələri vakant olan işə qəbul üzrə müsabiqə elan edir.

Qarabağ Regional Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinə laborant, kitabxanaçı (kitabxana müdiri), uşaq birliyi təşkilatının rəhbəri, təsərrüfat müdiri (təsərrüfat işləri üzrə direktor müavini) və psixoloq vəzifələri vakant olan işə qəbul üzrə müsabiqə elan edilir.

 

Müsabiqə üç mərhələdən – qeydiyyat, test imtahanı, müsahibədən ibarətdir.

Qeyd edilən vəzifələr üzrə işə qəbul prosesində iştirak etmək istəyən şəxslər 08 iyul 2023-cü il saat 18:00-dək aşağıda qeyd edilmiş linkdən qeydiyyatdan keçməlidir.

Müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslər haqqında məlumatların müsabiqənin şərtlərinə uyğunluğu İdarənin müsabiqə komissiyası tərəfindən araşdırılır və tələblərə cavab verən elektron ərizələri təsdiq edilir. Elektron ərizələri təsdiq edilmiş şəxslər test imtahanına dəvət ediləcəklər.

Müvafiq vəzifələr üzrə təhsil və iş stajına dair tələblər:

Təsərrüfat işləri üzrə direktor müavini - Ali təhsil, minimum 3 il iş stajı.

Təsərrüfat müdiri - Ümumi orta təhsil ilə bərabər 3 il iş stajı.

Uşaq birliyi təşkilatının rəhbəri - Ümumi orta təhsil, iş stajına dair tələb yoxdur.

Kitabxana müdiri - Kitbaxanaçılıq sahəsi üzrə orta ixtisas təhsili olduqda 5 il müvafiq sahə üzrə iş stajı və ya kitabxanaçılıq sahəsi üzrə ali təhsili olduqda müvafiq sahə üzrə 3 il iş stajı.

Kitabxanaçı - Ümumi orta təhsil və 3 ildən az olmayaraq iş stajı; orta ixtisas təhsili, əmək stajına tələb qoyulmadan.

Psixoloq - Təhsildə sosial psixologiya və ya psixoloq ixtisası üzrə ali təhsil, iş stajına dair tələb yoxdur.

Laborant - Ümumi orta təhsil, iş stajına dair tələb yoxdur.

Adıçəkilən vəzifələr üzrə müsabiqə proqramına aşağıdakılar daxildir:

Təsərrüfat müdiri (təsərrüfat işləri üzrə direktor müavini) vəzifəsi üzrə - “Təhsil haqqında” və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunları; təsərrüfat xidməti üzrə işin yerinə yetirilməsinin təşkili; xidmətçi heyətin əməyindən səmərəli istifadə yolları; binanın istismar olunmasının təşkilinin elmi əsasları; əmək qanunvericiliyi; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydaları.

Uşaq birliyi təşkilatının rəhbəri vəzifəsi üzrə - “Təhsil haqqında” və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunları; Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyası; tərbiyə və özünütərbiyənin pedaqogika və psixologiyası, pedaqoji etika, uşaq və yeniyetmələrin fərdi və yaş xüsusiyyətləri, uşaq kollektivlərinin psixologiyası, uşaq təşkilatlarının iş xüsusiyyətləri; uşaq birliyi təşkilatının rəhbərinin vəzifələri və qarşısında duran tələblər; informasiya-kommunikasiya texnologiyalarından istifadə tələbləri; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydaları.

Kitabxanaçı (kitabxana müdiri) vəzifəsi üzrə - “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunu; təhsil müəssisəsinin inkişaf perspektivləri, kitabxanaşünaslıq və biblioqrafiya; oxuculara xidmətin əsasları; kitabxana fondunun uçotu və saxlanması; kitabların qəbul edilmiş beynəlxalq təsnifat sistemi və kataloqun tərtibi normaları; kitabxana, informasiya-kommunikasiya texnologiyalarından istifadə tələbləri, informasiyanın axtarılması strategiyası və texnikası; əmək qanunvericiliyi; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydaları.

Psixoloq vəzifəsi üzrə - “Təhsil haqqında”, “Psixoloji yardım haqqında” və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunları; Birləşmiş Millətlər Təşkilatı Uşaq hüquqları haqqında Konvensiyası; təhsilin inkişaf konsepsiyası və strategiyası, uşaq və yeniyetmələrin təlim və tərbiyəsi ilə bağlı hüquqi aktlar; əməyin mühafizəsi, sağlamlığının qorunması; ümumi psixologiya, pedaqoji psixologiya və ümumi pedaqogika, sosial psixologiya, uşaq və yaş psixologiyası; fərdi və qrup məsləhətinin müasir metodları; uşağın inkişafının müayinəsi və psixoloji yardım metodları; müəllimlərin etik davranış qaydaları; informasiya-kommunikasiya texnologiyalarından istifadə tələbləri; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydaları.

Laborant vəzifəsi üzrə - laboratoriya işləri və dərs məşğələlərinin keçirilməsi üzrə hüquqi aktlar; tədris avadanlıqlarından, müasir informasiya-kommunikasiya texnologiyalarından, təlimin texniki vasitələrindən, cihazlardan istifadə olunmasının mövcud standartlarını və texniki şərtlərini, avadanlıqlardan istifadə qaydaları, əməyin təşkilinin əsasları; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydaları.

https://forms.gle/7QFLTxELYmeDyd37A

Qeyd: Müsabiqə ilə bağlı suallarınız olarsa, 146-0-4 çağrı mərkəzi ilə əlaqə yarada bilərsiniz.