05.03.2017

Fənn müsabiqələri keçirilib

Martın 5-də ölkənin bütün şəhər və rayonlarında VI və VII sinif şagirdləri arasında fənn müsabiqələrinin birinci mərhələsi keçirilib.

Fizika, kimya, biologiya, riyaziyyat və informatika fənləri üzrə keçirilən fənn müsabiqələrinin ilk mərhələsində 14 mindən çox şagird iştirak edib. Bu, ötən tədris ilinə nisbətən 5000 nəfər çoxdur.

Fənn müsabiqələrinin keçirilməsində əsas məqsəd istedadlı uşaqların aşkar edilməsi, aşağı sinif şagirdlərinin fənlərə olan marağının artırılması və onlarla məqsədyönlü işlərin aparılmasıdır.

İki mərhələdən ibarət olan fənn müsabiqələrinin final mərhələsinin cari ilin iyun ayında keçirilməsi planlaşdırılır.

Müsabiqənin final mərhələsinin nəticələrinə əsasən, şagirdlər fərdi mükafatlandırılmaqla bərabər, rayon və şəhərlərin reytinq cədvəlinə uyğun olaraq ölkə üzrə qalib komandalar müəyyən ediləcək. Yüksək nəticə göstərmiş şagirdlərin fənn müəllimləri də təltif olunacaq. Eyni zamanda ölkə üzrə istedadlı şagirdlər bazası yaradılacaq və həmin şagirdlər müvafiq fənlər üzrə müxtəlif beynəlxalq fənn və layihə olimpiadalarına hazırlıqlara dəvət ediləcəklər.


Açar sözlər: ,  ,