21.11.2017

Bərdə məktəbliləri Pirquluda 2 günlük düşərgə salıblar

 

“Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş "Təbiətimizi tanıyaq, sevək və qoruyaq” layihəsi çərçivəsində Bərdə məktəbliləri Pirquluya səfər ediblər.

18-19 noyabr tarixləri arasında Bərdə rayon 8 saylı tam orta məktəbin coğrafiya müəllimi Sevinc Məmmədovanın rəhbərliyi ilə layihə iştirakçısı olan məktəblilər Şamaxı rayonu Pirqulu qəsəbəsində 3 gün 2 gecə düşərgə salıblar.

Düşərgəyə “Təbiətimizi tanıyaq,sevək və qoruyaq” layihəsinin 1-ci və 2-ci seçim turunda iştirak etmiş və uğurlu nəticə əldə etmiş şagirdlər iştirak edib.

Layihə iştirakçıları “Pirqulu Rəsədxanası” ərazisində yerləşən muzeylə tanış olub, onlara muzeydə olan meteoritlər, ilk teleskop idarə edən aparat, müxtəlif səma cisimləri, teleskoplar və astronomiya tarixində nəinki Azərbaycanda, eləcə də bütün dünyada tanınan Nəsirəddin Tusi haqqında ətraflı məlumat verilib və iştirakçıların sualları cavablandırılıb.

Rəsədxana muzeyindən ayrıldıqdan sonra iştirakçılar səma cisimlərini izləmək üçün teleskoplar olan müxtəlif binalarda olub, onlara teleskopların ölçüləri, işləmə mexanizmləri, hər bir teleskopun hansı səma cisimlərini izləmək üçün uyğun olduğu haqqında, müxtəlif növ səma cisimlərinin hansı saatlarda və ayın hansı tarix aralıqlarında daha aydın və görünə bilən olması haqqında məlumat verilib. Sonda iştirakçılar teleskopların işləmə mexanizmi ilə əyani tanış olublar.

Gəzinti zamanı layihə iştirakçıları həm də Şamaxıda yerləşən Pirqulu dövlət qoruğu ərazisi ilə kənardan tanış olub, orada qorunan heyvanat və bitki aləmi ilə layihə rəhbəri tərəfindən məlumaltlandırılıblar. Sonra şagirdlər yeni istifadəyə verilmiş “Safari Park Shamakhı” ərazisində olub, orada yaşayan 1000-ə yaxın müxtəlif heyvan növləri haqqında ətraflı məlumatlar əldə ediblər.

Bundan başqa layihə iştirakçıları qədim Dəmirçi kəndi və kəndin muzeyi, xalaçılıq və dəmirçilik emalatxanaları ilə yaxından tanış olublar.

Pirqulu rəsədxanasından Dəmirçi kəndinə qədər olan məsafədə yol boyu sürüşmə zonaları şagirdlərə əyani olaraq göstərilib. Şagirdlər ərazidə olan dağ-meşə, dağ-çöl, dağ-çəmən, subnival və nival landşaftları ilə əyani tanış olublar. Yenə bu ərazidə olan şaquli cisimlərdən, ağaclarda və daşlarda bitən mamırlardan və kölgədən istifadə edərək cəhəti necə müəyyən etməyi öyrəniblər. Ətraf ərazidə bitən və ekstremal şəraitə düşdükdə istifadə edə biləcəkləri bitkilərlə (itburnu, cır alma, cır əzgil, yemişan, qaragilə, çaytikanı və s.) tanış olublar.

Bitki örtüyündən və torpağın nəmliyindən hansı ərazidə yeraltı suyun daha üzdə yerləşə biləcəyini  müəyyən etməyin yollarını öyrəniblər. Ətraf ərazilərdə süxurların yatım istiqamətləri, sınmalar və qıvrılmalarla tanış olaraq bu formaların ərazinin relyefi və seysmikliyi ilə bağlı olduğu barədə məlumatlandırılıblar.

Ekskursiya müddətində şagirdlərlə əvvəlcədən razılaşdırıldığı kimi onlar təbiətə minimum təsir gostərməyə  çalışıblar.

"Təbiətimizi tanıyaq, sevək və qoruyaq” layihəsinin əsas məqsədi şagirdlərin coğrafiya fənnindən əldə etdikləri nəzərı bilikləri  praktik biliklərə çevirmək, müxtəlif təbii obyektlərdən istifadə etməklə cəhəti təyin etmə bacarığına yiyələnmələrinə, ekstremal şəraitə düşdükdə çıxış yollarını tapa bilmələrinə nail olmaq, onlara Azərbaycanın rəngarəng təbiətini daha dərindən tanıtmaq, onu antropogen təsirlərdən qorumaqdır.

Layihə Bərdə şəhər 8 saylı tam orta məktəbin VII-XI sinif şagirdlərını əhatə edir.

Sevinc Məmmədovanın rəhbərliyi ilə fərdi kateqoriyada qalib olmuş layihənin icra müddəti 3 aydır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdi. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib. 


Açar sözlər: ,  ,