Bərdə rayon H.Məmmədov adına Göyüşlü kənd tam orta məktəbdə Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı “Xocalı faciəsi qan yaddaşımızdır” adlı tədbir keçirilib.
Tədbirdən öncə məktəbin müəllim və şagird kollektivi kədin Şəhidlər Xiyabanını ziyarət ediblər.
Sonra məktəbin tarix müəllimi Nüşabə Məmmədova şagirdlərə Xocalı Soyqırımı ilə bağlı məlumat verib və bildirib ki, Xocalı soyqırımı -1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. Xocalı Ermənistan dəstələri tərəfindən zəbt olunduqdan sonra orada qalan mülki əhali deportasiya olundu. Bu əməllər mütəşəkkil formada həyata keçirildi.
Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Bu soyqırım eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir.
Bu hadisə Azərbaycanda "Xocalı soyqırımı" və "Xocalı faciəsi" kimi, digər ölkələrdə isə "Xocalı qətliamı" kimi anılır.
Xocalı faciəsinə həsr edilmiş tədbir məktəbdə bədii hissə ilə davam etdirilib. Şagirdlərin çəkdikləri rəsmlər divar qəzetində sərgilənib.