13.03.2018

 “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilib

                Martın 13-də Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar rayonumuzun ümumtəhsil məktəblərinin şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilib. Bərdə Rayonu üzrə Təhsil İdarəsində müsabiqənin təşkili və keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılıb.

                Müsabiqənin keçirilməsinin əsas məqsədi müstəqil  Azərbaycanın memarı Heydər Əliyevin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirməkdir.

                Təhsil nazirinin əmrinə əsasən IX-XI sinif şagirdləri arasında təşkil olunan müsabiqədə rayon üzrə 43 nəfər şagird iştirak edib. Rayon mərhələsində uğur qazanan  ən yaxşı təqdimat isə 2018-ci ilin aprelində ölkə turunda iştirak hüququ əldə edəcək.

                Müsabiqədə qiymətləndirmə təqdimatçının sərbəstliyi, nitqinin səlisliyi, ardıcıllığı, ifadəliliyi, lüğət ehtiyatının zənginliyi, ümummilli lider Heydər Əliyevin genişmiqyaslı fəaliyyəti barədə dolğun və əhatəli məlumata malik olduğunu nümayiş etdirməsi, irəli sürdüyü fikirləri faktlarla əsaslandırması, Ulu Öndərin Vətən və xalq qarşısında xidmətləri barədə şəxsi mülahizələrini bildirməsi, ədəbi-bədii nümunələrə müraciət etməsi, təqdimatı müəyyənləşdirilmiş müddətdə başa çatdırması və digər meyarlara əsasən aparılıb.


Açar sözlər: ,  ,