Martın 26-da “Ölkəmizi tanıyaq” adı ilə keçirilən maarifləndirici tur-aksiyaya Qarabağ bölgəsinin məktəbliləri də qoşulublar. Ağdam, Ağcabədi, Bərdə və Beyləqan rayonlarından ümumilikdə, 160 nəfər məktəbli martın 26-29-da “Ölkəmizi tanıyaq” devizi altında keçiriləcək maarifləndirici tur-aksiya çərçivəsində Qəbələ, Şəki və Zaqatala rayonlarını daha yaxından tanıyacaqlar.
Ölkə iqtisadiyyatında önəmli rola malik olan bölgələrimizdən biri də Qəbələ-Şəki-Zaqatala zonasıdır. Bu rayonlarımız da digər bölgələrimiz kimi, həm turizm iqtisadiyyatı, multikulturalizm ənənələri, həm də tarixi məkanları ilə tanınır. Eyni zamanda, bu bölgədə barama, tütün və fındıqçılıq da geniş inkişaf edib.
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaya qoşulan Bərdə rayonunun məktəbliləri də Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə ekskursiyaya başlayıblar.
Məktəblilərlə keçirilən görüşdə təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov çıxış edərək layihənin yeniyetmə və gənclərin dünyagörüşünün formalaşmasında, vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində mühüm rol oynadığını vurğulayıb. Qeyd edib ki, “Ölkəmizi tanıyaq” devizi ilə təşkil olunan tur-aksiyanın məqsədi məktəblilərə ölkəmizi daha yaxından tanıtmaqdan, Azərbaycan tarixini, mədəniyyətini, ayrı-ayrı bölgələrin adət-ənənələrini dərindən öyrətməkdən və gənclərdə milli mənəvi dəyərlərə hörmət aşılamaqdan ibarətdir.
Diqqətə çatdırılıb ki, məktəbliləri 4 gün ərzində Qəbələdə “Tufandağ” Xizəkçilik Kompleksinə, qədimliyi ilə fərqlənən Çuxur Qəbələ Tarix və Mədəniyyət Qoruğuna, udilərin yaşadığı Nic kəndinə baş çəkəcəklər. Zəngin Şəki mətbəxi, Dövlət Tarix-Memarlıq Qoruğu, Şəki Xan sarayı, Yuxarı Karvansaray, Aşağı Karvansaray, Cümə məscidi və Kiş kəndindəki qədim Alban məbədi, “Marxal” müalicəvi istirahət kompleksi tur-aksiya iştirakçılarında zəngin təəssürat oyadacaq. Məktəblilər vaxtilə gülçülük, tütünçülük və fındıq bağları ilə məşhur olan Zaqatalaya da gedəcəklər. Şagirdlər müasir fındıq emalı müəssisəsi, tütünçülük təsərrüfatları ilə tanış olacaq, Tarix-Mədəniyyət Qoruğuna baş çəkəcək, Dədə Qorqud Meydanını gəzəcəklər. Qədim və müasir Zaqatala haqqında məlumatlar tur-aksiya iştirakçılarının böyük marağına səbəb olacaq.
Mərasim başa çatdıqdan sonra şagirdlər onlar üçün ayrılmış avtobusla Qəbələ-Şəki-Zaqatala marşrutu ilə yola düşüblər.