Mayın 2-də Bərdə Rayon Təhsil Şöbəsi və Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Bərdə RTŞ-nə tabe olan ümumtəhsil məktəblərində “Heydər Əliyev ideyaları müstəqil Azərbaycanın qalibiyyətinin təntənəsidir” mövzusunda inşa yazı müsabiqəsi keçirilib. Müsabiqədə rayonun ümumtəhsil məktəblərindən 30 nəfər şagird iştirak edib.
İnşa yazı müsabiqəsi başlamamışdan əvvəl ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini, YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya xalqımızın ümummilli lideri Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı fəaliyyətindən, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi və qüdrətlənməsi rolunu işıqlandıran, nurlu ideyalarının əbədiliyindən danışıb.
Rayon Təhsil Şöbəsinin müdiri Rzaqulu Şərifov məktəblilərə uğur diləyərək onların ulu öndər Heydər Əliyev ideyalarına sədaqət ruhunda böyümələri üçün bu cür tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıb.
Müsabiqənin qalibi Bərdə Rayon Təhsil Şöbəsi və YAP Bərdə rayon təşkilatı tərəfindən qiymətli hədiyyə ilə mükafatlandırılacaq.