Mayın 3-də Bərdə şəhər 6 nömrəli tam orta məktəbdə Bərdə Rayon Təhsil Şöbəsi, Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatı və Gənclər İdman İdarəsinın birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Breyn-rinq” intellektual oyunu keçirilib. Oyunda Bərdə RTŞ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdlərindən ibarət 16 komanda iştirak edib.
Yarışdan əvvəl Təhsil Şöbəsinin müdiri Rzaqulu Şərifov və Gənclər və İdman İdarəsinin rəis müavini Aydın Qasımov çıxış edərək ulu öndər Heydər Əliyevin keçdiyi şərəfli ömür yolundan, onun Azərbaycan gəncliyinin hərtərəfli inkişafına göstərdiyi diqqət və qayğıdan, gənclərin intellektual səviyyələrinin yüksəldilməsi və vətənpərvər ruhda tərbiyə olunması sahəsində görülən işlərdən danışıblar.
Çıxışlardan sonra yarış başlanıb. Əsasnaməyə görə komandalar püşkatma yolu ilə 4 yarımqrupda mübarizə aparıblar. Üç mərhələdə davam edən oyunun hər mərhələsində komandalara 50 sual təqdim edilib. Yarışın sonunda təqdim olunmuş suallardan 110-na cavab verən 3 nömrəli tam orta məktəbin komandası birinci, 98-nə cavab verən 7 nömrəli tam orta məktəbin komandası ikinci, 64-nə cavab verən Yeni Əyricə kənd tam orta məktəbin komandası isə üçüncü yerə layiq görülüb.
Qalib komandalar ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə keçiriləcək ümumrayon tədbirində diplom və xatirə hədiyyələri ilə mükafatlandırılacaqlar.