04.05.2018

“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Mayın 4-də Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdən öncə rəhbər təhsil işçiləri Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Heydər Əliyev Mərkəzində davam etdirilən tədbirdə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Mehbalıyev, millət vəkilləri, təhsil müəssisələrinin rəhbərləri, təhsil ekspertləri, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbir İncəsənət Gimnaziyasının xor kollektivinin ifasında Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Təhsil naziri Ceyhun Bayramov ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə dövlətimizin hərtərəfli inkişafında və dünya miqyasında tanınmasında əvəzsiz xidmətlərindən danışıb.

Təhsil sahəsində səmərəli proqram və layihələr həyata keçirildiyini qeyd edən Ceyhun Bayramov Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq reallaşdırılan tədbirlərdən danışıb. Nazir Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təhsilə xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb. Təhsil sahəsində həyata keçirilən layihələr sayəsində tədris ocaqlarının maddi-texniki bazalarının daha da möhkəmləndirildiyini xatırladan Ceyhun Bayramov təhsildə qazanılan uğurları, qarşıda duran vəzifələri diqqətə çatdırıb.

Nazir ümumtəhsil məktəb şagirdləri arasında keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin irsinin, genişmiqyaslı fəaliyyətinin və dövlətçilik fəlsəfəsinin gənc nəsil tərəfindən öyrənilməsi baxımından böyük əhəmiyyət daşıdığını bildirib, həmçinin müsabiqə qaliblərini qazandıqları uğur münasibəti ilə təbrik edib.

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov çıxış edərək artıq ənənə halını almış müsabiqənin gənclərin siyasi təfəkkürünün formalaşmasında, onların vətənpərvər ruhda böyümələrində müstəsna rol oynadığını bildirib.  Əli Əhmədov son illərdə Azərbaycanda təhsil sahəsində çox böyük irəliləyişlər əldə edildiyini diqqətə çatdırıb, aparılan islahatların gələcəkdə ölkəmizin  inkişafı üçün daha etibarlı əsasların qurulması baxımından geniş meydan açacağına əminliyini ifadə edib.

Daha sonra çıxış edən Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov müsabiqənin əhəmiyyətini vurğulayıb. Müsabiqənin təşkilatçılarından olan Heydər Əliyev Fondunun fəaliyyət istiqamətlərindən danışan Anar Ələkbərov bildirib ki, fond ölkəmizin tərəqqisi və xalqımızın rifahına xidmət edən genişmiqyaslı layihələr həyata keçirərək ümummilli lider Heydər Əliyevin ideyalarını davam etdirir. Bugünkü müsabiqə Azərbaycan gəncliyinin ümummilli lider Heydər Əliyevin xalqımızın qarşısındakı misilsiz xidmətlərini, onun müəllifi olduğu dövlət quruculuğu konsepsiyasını dərindən öyrənməyə böyük maraq göstərdiyinin bariz nümunəsidir.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ulu öndərin ölkəmizə rəhbərlik etdiyi vaxtda Azərbaycanın inkişafı və dünyada tanıdılması istiqamətində mühüm addımlar atdığını vurğulayıb. Bu gün də Azərbaycan təhsilinin Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunduğunu bildirən nazir ölkəmizdə innovasiya sahələrinin inkişafı üçün bir çox startap layihələrinə qrantlar ayrıldığını, onların da xeyli hissəsini gənclər təşkil etdiyini vurğulayıb.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Mehbalıyev ölkəmizdə gənclərin inkişafı, intellektual səviyyələri, kadrların yetişdirilməsi, istedadlı uşaq və gənclərin aşkarlanması, onların potensialının inkişaf etdirilməsinin hər zaman diqqət mərkəzində olduğunu bildirib. Eyni zamanda ölkəmizin təhsil sisteminin qabaqcıl ölkələrin təhsil mühitinə inteqrasiya olunması üçün geniş imkanlar açıldığını, istedadlı gənclərə diqqət və qayğının artırıldığını diqqətə çatdırıb.

Tədbirdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin və Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyası şagirdlərinin ifasında musiqi əsərləri səsləndirilib.

 “Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, 8 nəfər I, 14 nəfər II, 18 nəfər III dərəcəli diplomla, 25 nəfər isə tərifnamə ilə təltif olunub. Müsabiqə qaliblərinə, həmçinin qiymətli hədiyyələr təqdim edilib.

Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən müsabiqə Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunub.


Açar sözlər: ,  ,