11.05.2018

Respublika fənn olimpiadalarının nəticələri bəlli olub

Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələri bəlli olub.

Olimpiadanın ümumi nəticələri barədə məlumatı www.olimp.istedad.edu.az saytından əldə etmək mümkündür. Olimpiadada 45 nəfər qızıl, 89 nəfər gümüş, 142 nəfər bürünc olmaqla ümumilikdə  276 nəfər qalib elan olunub.

Olimpiada qaliblərinin mükafatlandırılma mərasimi mayın 15-də keçiriləcək.

Qeyd edək ki, fevralın 4-də ölkənin bütün şəhər və rayonlarında Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsi keçirilib. Bilik yarışında 33 mindən çox şagird iştirak edib.

Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və  tarix olmaqla 8 fənn üzrə IX, X və XI sinif şagirdlərin iştirakı ilə keçirilib. Bu mötəbər yarışda xüsusi istedadı və hazırlığı ilə seçilən 7-8-ci sinif şagirdlərindən də IX siniflərlə bərabər öz bilik və bacarığını nümayiş etdirən şagirdlər olub

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi,  şagirdlərdə fənlərə olan marağın artırılması, onların  sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.

Respublika fənn olimpiadası Kapital Bankın baş sponsorluğu ilə həyata keçirilir.

 

Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələri