21.06.2018

Təhsil Nazirliyi hesabat verdi

İyunun 21-də Təhsil Nazirliyinin 2017-ci ildə gördüyü işlərə həsr olunmuş hesabat tədbiri keçirilib.

Tədbirdə Baş nazirin müavini Əli Əhmədov, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, dövlət qurumlarının rəhbərləri,  millət vəkilləri, ali məktəblərin rektorları, media kapitanları və QHT təmsilçiləri iştirak ediblər.

Əvvəlcə Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmrullayev təhsilin keyfiyyətinin yüksəldilməsi, əhatəliliyi və əldə olunan nailiyyətlərlə bağlı iştirakçılara ətraflı məlumat verib.

Daha sonra təhsil naziri Ceyhun Bayramov “Təhsil sistemi-vəzifələr və hədəflər” mövzusunda təqdimatla çıxış edib. Təhsilin  inkişafının ölkəmizin tərəqqisi baxımdan vacib amil olduğunu vurğulayan nazir bunun üçün ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan vəzifələrdən və gələcək hədəflərdən danışıb.

Nazir bildirib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” sənədinin qəbulundan ötən müddət ərzində təhsil sahəsində müsbət dinamika müşahidə olunub, 5 il bundan əvvəl ilə müqayisədə bir sıra sahələrdə əsaslı nailiyyətlər əldə edilib. Bu nailiyyətlərin həm əhatəliliyin artması, həm də keyfiyyətin və ya bərabər imkanların yaxşılaşması ilə nəticələndiyini vurğulayan nazir təhsilimizin daha əlçatan, keyfiyyətli, gələcəkdə iqtisadiyyatımızın güclü və vətəndaşlarımızın rifah səviyyəsinin yüksək olmasına zəmin yaratdığını vurğulayıb.

2020-ci ilə qədər məktəbəhazırlığın əhatəlilik səviyyəsinin 90 faizə çatdırılmasının nəzərdə tutulduğunu deyən təhsil naziri həmçinin bu istiqamətdə digər hədəfin keyfiyyətin yaxşılaşdırılması olduğunu və artıq bununla bağlı bir sıra layihələrin həyata keçirildiyini bildirib.

Ceyhun Bayramov qəbul imtahanlarının yeni modelindən danışaraq qeyd edib ki, hazırda bu istiqamətdə Dövlət İmtahan Mərkəzi ilə sıx əməkdaşlıq edilir.

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda edilən dəyişiklikləri diqqətə çatdıran nazir ali təhsil müəssisələrinə qəbul üzrə əsasən iki yeniliyin nəzərdə tutulduğunu vurğulayb. Belə ki, həmin dəyişikliklər beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin müəyyən edilmiş şərtlər yerinə yetirilməklə, təhsil aldıqları dildə tədris olunan ixtisaslar üzrə, beynəlxalq fənn olimpiadaları qaliblərinin istənilən ixtisaslar üzrə, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qaliblərinin müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunması ilə bağlıdır.

Müəllim peşəsinin nüfuzuna təsir edən tədbirlərin davam etdiriləcəyini bildirən təhsil naziri  sertifikasiya mexanizminin tətbiqinin təhsildə keyfiyyət baxımından nailiyyətlər əldə edilməsi üçün vacib olduğunu deyib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə tədbirdə çıxış edərək Təhsil Nazirliyinin hesabatını yüksək qiymətləndirib və 3 ildir ki, keçirilən bu tədbirin ənənəvi olacağına ümid etdiyini deyib. Onun sözlərinə görə, son 5 il ərzində təhsil sahəsində həyata keçirilən islahatlar artıq öz  bəhrəsini verir, növbəti beşillikdə isə aparılan islahatlar daha da şaxələnməlidir.

Elm və təhsilin inteqrasiyasının mühüm nəticələrin əldə olunmasına imkanlar yaratdığını qeyd edən AMEA prezidenti müvafiq istiqamət üzrə görülən işlərdən, həmçinin nəzərdə tutulan məsələlərdən danışıb.

Azərbaycanda dərin islahatların həyata keçirildiyini, xüsusilə təhsil sahəsində aparılan yeniliklərin mühüm keyfiyyət mərhələsinə qədəm qoyduğunu vurğulayan Baş nazirin müavini Əli Əhmədov dövlət başçısının bu sahəni prioritet elan etməsi nəticəsində ölkəmizin gələcəyinin parlaq olacağına əminliyini ifadə edib. Əli Əhmədov təhsildə görülən işlərin uğurla davam etdirilməsinin vacibliyini önə çəkib və müvafiq sahədə hədəflərin tamamilə aydın olduğunu diqqətə çatdırıb.

Baş nazirin müavini daha sonra bildirib ki, təhsilin inkişafı Azərbaycan cəmiyyətinin mədəni səviyyəsinin, iqtisadiyyatın daha yuxarı pilləyə qalxmasına, dövlətin qüdrətinin artmasına gətirib çıxarmalıdır.

Tədbirdə “Təhsil” televiziyası tərəfindən 2017-ci ildə təhsil sahəsində həyata keçirən tədbirlərə və yeniliklərə dair hazırlanan videoxronika nümayiş olunub.