İyulun 16-da ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulunun ikinci mərhələsi - test imtahanına start veriləcək.
Cari ilin 2-8 iyul tarixlərində aparılan elektron sənəd qəbulu zamanı 50 697 namizəd qeydiyyatdan keçib, ərizələrdəki göstəricilər araşdırıldıqdan sonra 46 839 namizədin ərizəsi qəbul olunub.
İyulun 10-dan başlayaraq elektron ərizəsi qəbul edilmiş namizədlərin şəxsi səhifələrinə müsabiqənin ikinci mərhələsinin – test imtahanının keçiriləcəyi tarix və yer barədə ətraflı məlumat göndərilib.
Qeyd edək ki, ibtidai sinif üzrə 16-19 iyul, ingilis dili üzrə 19-20 iyul, alman dili üzrə 20 iyul, riyaziyyat üzrə 23-24 iyul, informatika və təsviri incəsənət üzrə 24 iyul, Azərbaycan dili və ədəbiyyat üzrə 25-26 iyul, rus dili, rus dili və ədəbiyyatı, Azərbaycan dili, fransız dili və musiqi üzrə 26 iyul, tarix və kimya üzrə 27 iyul, fizika və texnologiya üzrə 28 iyul, biologiya üzrə 30 iyul, fiziki tərbiyə üzrə 30-31 iyul, coğrafiya üzrə 31 iyul tarixlərində test imtahanları keçiriləcək.
Müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı mərhələsində namizədə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim ediləcəkdir. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaqdır.
Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq.
İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki təqvim ili qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.