Sentyabrın 6-da Bərdə rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.
Konfrans başlamazdan əvvəl Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və hümanitar məsələlər üzrə müavini Fəqət Şadlinskaya, Azərbaycan Respublikasının Təhsil İnstitunun direktor müavi Ənvər Abbasov, Bərdə Rayon Təhsil Şöbəsinin müdiri Rzaqulu Şərifov və rayonun təhsil işçiləri Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri qoyublar.
Dövlət himninin səsləndirilməsindən sonra başlayan konfransda ilk olaraq Bərdə Rayon Təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov 2017-2018-ci tədris ilində görülən işlərə dair hesabat məruzəsi ilə çıxış edib. Çıxışı zamanı Rzaqulu Şərifov qetd edib ki, ötən tədris ilində Samux Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin 79 məktəbəhazırlıq qrupunu 1303 nəfər uşaq, I siniflərini 2461 nəfər, IX siniflərini 1666 nəfər, XI siniflərini 1159 nəfər şagird bitirib. XI sinfi bitirən məzunlardan 729 nəfər ali məktəblərə qəbul imtahanında iştirak edib və onlardan 533 nəfəri tələbə adına layiq görülüb. 2017-2018-ci tədris ilinin yekununda həm ali məktəbə qəbul olanların sayı, həm də IX və XI sinif buraxılış imtahanlarının nəticəsi ötən illərlə müqayisədə daha yüksək qiymətləndirilə bilər.
Təhsil İnstitunun direktor müavi Ənvər Abbasov çıxış edərək təhsil işçilərini yeni tədris ili münasibəti ilə təbrik edib, onlara çətin və şərəfli peşələrində uğurlar arzulayıb. Ənvər Abbasov həlli vacib məsələlərlə bağlı fikirlərini bildirərək yeni dərs ilində təhsil ictimaiyyətinin qarşısında duran əsas vəzifələri nəzərə çatdıraraq qeyd edib ki, ölkəmizin təhsil sisteminin qarşısında duran əsas vəzifələrdən biri keyfiyyətli təhsil və yüksək ixtisaslı kadr hazırlığıdır. Ə.Abbasov 2017-2018-ci dərs ilinin “Ümumi təhsildə keyfiyyət ili” elan edilməsinin bu vəzifənin uğurla həll olunmasında mühüm rol oynadığını vurğulayıb.
Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və hümanitar məsələlər üzrə müavini Fəqət Şadlinskaya çıxış edərək son illərdə ölkə miqyasında Ölkə başçısı cənab İlham Əliyevin qayğısı nəticəsində bütün sahələrdə olduğu kimi təhsil sahəsində də mühüm irəliləyişlərin olması haqqında söhbət açıb. Həmçinin rayon təhsilində son illər ərzində əldə edilmiş uğurları xüsusi qeyd edib. Təhsil işçilərinə yeni tədris ilində uğur və müvəffəqiyyət arzulayıb.
Sonra bir qrup müəllimə fəxri fərman və hədiyyələr təqdim olunub.