Oktyabrın 5-də Bərdə şəhər 5 nömrəli tam orta məktəbdə “Beynəlxalq Müəllimlər Günü” münasibəti ilə tədbir keçirilib.
Tədbir iştirakçıları ilk öncə Rayon İcra Hakimiyyəti binası qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin möhtəşəm abidəsinin önünə tər çiçəklər düzərək, əziz xatirəsini yad ediblər.
Tədbirdə çıxış edən Bərdə Rayon Təhsil Şöbəsinin müdiri Rzaqulu Şərifov bütün müəllimləri bayram günü münasibəti ilə təbrik edib, onlara gələcək işlərində uğurlar, nailiyyətlər arzulayıb. R.Şərifov qeyd edib ki, bu gün bütün dünyada olduğu kimi, ölkəmizdə də çoxminli müəllim ordusu üçün əziz gündür - pedaqoq adına tapınanlar özlərinin peşə bayramını qeyd edirlər. Bəşəriyyətin minillər boyu keçdiyi inkişaf yolu sübut edir ki, hər bir tarixi mərhələdə cəmiyyətin tərəqqisi bilavasitə təhsilin inkişafından, onun əhəmiyyətinin düzgün qiymətləndirilməsindən asılı olub. 5 oktyabrın Beynəlxalq Müəllimlər Günü kimi qeyd edilməsinə dair qərar ilk dəfə 1966-cı il oktyabrın 5-də YUNESKO tərəfindən verilib. Azərbaycanda Müəllimlər Günü isə 1993-cü ildən etibarən qeyd edilir. Hazırda dünyanın 100-dən çox ölkəsində bu tarix müəllimlər günü kimi qeyd olunur.
Tədbirdə çıxış edən Rayon icra başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fəqət Şadlinskaya və digər çıxış edənlər müəllimləri bu əziz gün münasibəti ilə təbrik edib və onlara xoş diləklərini çatdırıblar.
Tədbirdə fəaliyyəti dövründə fərqlənən bir qrup müəllimə RTŞ və Rayon İcra Hakimiyyəti Başçısının fəxri fərmanı və hədiyyələr verilib.