Oktyabrın 15-də Bərdə Rayon Təhsil Şöbəsinin iclas zalında məktəblərdə bədən tərbiyəsi və idmanın şagirdlər arasında kütləviləşdirilməsi, məktəblərdə sağlam və aktiv həyat tərzinin təşviqi, fiziki tərbiyə fənninin tədrisinin təkmilləşdirilməsini təmin edilməsi məqsədilə maarifləndirici seminar keçirilib.
Tədbiri giriş sözü ilə açan Bərdə Rayon Təhsil Şöbəsinin metodisti Anar Rəsulov ölkəmizdə idmanın inkişafında məktəb idmanının əhəmiyyətini qeyd edərək əməkdaşlığın şagirdlər arasında Olimpiya hərəkatınının təşviq edilməsində xüsusi rol oynayacağını vurğulayıb. A.Rəsulov təhsilin keyfiyyətinin yüksəldilməsində və bu sahədə uğurlu nəticələrin əldə olunmasında təhsilalanların sağlamlığının əhəmiyyətini diqqətə çatdırıb, sağlam və aktiv həyat tərzini təşviq edən layihələrin dəstəkləndiyini vurğulayıb.
A.Rəsulov həmçinin çıxışında “Məktəblər arasında respublika çempionatı”nın keçirilməsinin vacibliyini, idmançıların məktəb yaşlarından formalaşmağa başladığını, belə yarışların istedadlı idmançıların seçilməsinə müsbət təsir göstərəcəyəni, onların peşəkar idmançı kimi yetişməsi üçün vacib olduğunu bildirib.
Qeyd edək ki, 2018-2019-cu tədris ili ərzində keçiriləcək çempionatın əsasnamə və proqramına uyğun olaraq yarışlarda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən bütün rayon və şəhər ümumtəhsil müəssisələrinin şagirdləri şahmat (2-4-cü siniflər), atletika (5-7-ci siniflər), voleybol (qızlar, 7-9-cu siniflər), basketbol (oğlanlar, 9-11-ci siniflər) idman növləri üzrə iştirak edəcəklər.