23.10.2018

“Narkomaniya, erkən nikah, dini radikalizm və onun fəsadları” mövzusunda tədbir keçirilib

          Oktyabrın 23-də şəhər 7 nömrəli tam orta məktəbində şagird və müəllimlərin iştirakı ilə “Narkomaniya, erkən nikah, dini radikalizm və onun fəsadları” mövzusunda tədbir keçirilib.

            Tədbirdə Bərdə Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki İlqar Məmmədov, əməliyyat işləri üzrə rəis müavini polis polkovnik-leytenantı Zaur Nəsirov, rayon Prokuroru Fəxrəddin Məmmədov, Yetkinlik yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili qrupunun baş inspektoru, polis leytinantı Vüsalə Əzimova, İcra Hakimiyyəti və DQİDK-nin və Bərdə Rayon Gənclər və İdman  İdarəsinin nümayəndələri, Bərdə İmamzadə məscidinin axundu, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

           Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Mehparə Musayeva çıxış edərək gənclərin narkomaniya, erkən nikah, dini radikalizm və digər bu kimi zərərli meyillərdən uzaqlaşdırılması, bu sahədə qarşıda duran vəzifələr barədə danışıb.

        RPŞ-nin rəisi, polis polkovniki İlqar Məmmədov “Narkomaniya bəşəri problemdir” mövzusu ətrafında çıxış edərək narkomaniyanın yayılmasına, dini radikalizm və erkən nikah hallarına qarşı hamılıqla mübarizə aparılmasının vacibliyini önə çəkib, bu işdə əmək kollektivlərinin, müəllimlərin, gənclərin, habelə valideynlərin üzərinə çox böyük vəzifə və məsuliyyətin düşdüyünü vurğulayıb.

          Rayon Prokuroru Fəxrəddin Məmmədov öz çıxışında dini radikalizm, qeyri-ənənəvi dini cərəyanlar haqqında geniş məlumat verib, radikallığın, zərərli vərdişlərin İslam dinində qəbul edilmədiyini vurğulayaraq radikal meyillərin mənfi təsirindən qorunma üsullarını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

          Rayon Polis Şöbəsinin (RPŞ) yetkinlik yaşına çatmayanlarla iş üzrə baş inspektoru, polis leytinantı Vüsalə Əzimova şagirdlərə erkən nikahın mənfi cəhətləri haqqında geniş məruzə edib. O bildirib ki, davamlı olaraq keçirilən belə maarifləndirici tədbirlər gənclər arasında sağlam həyat tərzinin təbliği işini daha da yaxşılaşdırmaq, gənclərdə narkomanlığın fəsadları haqqında düzgün təsəvvürlər formalaşdırmaq, radikal dini təriqətlərə meyillərin artmasının qarşısını almaq, habelə erkən nikahın yaratdığı problemlər barədə gəncləri daha geniş məlumatlandırmaq məqsədi daşıyır.

           Sonda balacalar “Azərbaycan Polisinin 100 illik yubileyi”nə həsr olunmuş kompozisiyalar nümayış etdirib.


Açar sözlər: ,  ,