Oktyabrın 24-də Bərdə Rayon Təhsil Şöbəsinin və Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Kətəlparaq kənd tam orta məktəbində “Narkomaniya, dini radikalizm və erkən nikaha daxilolmaya yox deyək” mövzusunda tədbir keçirilib.
Əvvəlcə şagirdlərin “Azərbaycan Polisi məktəblilərin gözü ilə” mövzusunda əl işləri nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Adib Salmanov çıxış edərək bugün bəşəriyyətin sağlam həyat tərzini pozan və onun ən ağrılı problemlərindən biri olan, cəmiyyətin ciddi bəlasına, xalqın,millətin təhlükə mənbəyinə çevrilən narkomaniya və onun gətirdiyi saysız-hesabsız bəlalardan danışıb. O, narkomaniyanın cəmiyyətimizə,ümumilikdə bəşəriyyətə fəsadlar vurduğunu bildirərək, belə maarifləndirmə tədbirlərinin zəruriliyini və əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra RPŞ-nin rəisi, polis polkovniki İlqar Məmmədov əsrimizin bəlasına çevrilən narkotik vasitələrin insan həyatına vurduğu zərərdən, yaratdığı asılılığın fəsadlarından və cəmiyyətin inkişafına göstərdiyi dağıdıcı təsirindən bəhs edib, bütün bunların əsl fəlakət olduğunu bildirərək, yeniyetmələrin cəmiyyətdə düzgün mövqe tutması üçün tövsiyələrini verib. Narkotik vasitələrin dövriyəsinin yolverilməz olduğunu bildirən polis rəisi respublikamızın hüquq-mühafizə orqanları tərəfindən bu istiqamətdə apardıqları uğurlu əməliyyat tədbirləri haqda iştirakçılara geniş məlumat verib. O gənclərin vətənpərvər ruhda böyümələri, vətənin hər zaman keşiyində durmağı, müzəffər ordumuzun qəhrəman döyüşçülərinin şərəfli döyüş yolunu layiqincə davam etdirməyə hazır olmalarının zəruriliyini bildirib.
Tədbirdə çıxış edən Rayon Polis Şöbəsinin Veteranlar Şurasının sədri Dilən Həsənov narkotik vasitələrin, erkən nigaha daxilolmanın həm kobud qanun pozuntusu, həm də insan orqanizmi üçün mənfi cəhətlərindən bəhs edərək, gənclərin sağlam həyat yaşamağının cəmiyyətin əsas inkişaf meyarlarından biri olduğunu izah edib.
Rayon Gənclər və İdman İdarəsinin sədr müavini Aydın Qasımov narkomaniyanın gənc yaşlardan aludəçisinə çevrilən insanlarda göstərdiyi fəsadlar haqda geniş məlumat verib və gəncləri bu yola düşməməsi üçün ailə və təhsil müəssisələrinin üzərinə mühüm vəzifələr düşdüyünü vurğulayıb.
Sonda şagird və müəllimləri maraqlandıran suallar cavablandırılıb.