Oktyabrın 25-də Bərdə Rayon Təhsil Şöbəsi Metodiki Xidmət Mərkəzinin təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərində işləyən gənc müəllimlərlə görüş keçirilib.
Şəhər 5 nömrəli tam orta məktəbdə keçirilən tədbiri giriş sözü ilə açan RTŞ-nin müdiri Rzaqulu Şərifov gənclərin ölkəmizin ictimai-siyasi həyatındakı mühüm rolundan, onlara göstərilən yüksək dövlət qayğısından danışıb.
Metodkabinetin direktoru X.Qurbanova çıxış edərək qeyd edib ki, təhsilin keyfiyyəti gələcək nəsillərə bilik verən müəllimlərin səviyyəsindən də çox asılıdır. Bu gün rayonumuzda təhsil sahəsində görülən işlərdən biri də müəllim heyətinin cavanlaşmasıdır. X.Qurbanova həmçinin bildirib ki, gənclərin rayonun ucqar kəndlərində yerləşən təhsil müəssisələrində pedaqoji fəaliyyət göstərmək istəyi həmin təhsil müəssisəsində yaradılmış yüksək şərait və yaşayış məntəqələrinin günü-gündən müasirləşməsi ilə əlaqədardır.
Sonra çıxış edən RTŞ-nin metodisti S.Vəliyeva gənc müəllimləri pedaqoji fəaliyyətə başlamaları münasibətilə təbrik edib, onlara hərtərəfli biliyə, geniş dünyagörüşünə, xalqın milli-mənəvi dəyərlərinə yiyələnən, millətini və Vətənini sevən nəsil yetişdirilməsində səylə çalışmalarını arzulayıb.
RTŞ-nin metodisti Elxan Əliyev çıxış edərək ümumtəhsil məktəblərində müəllimlərin əsas vəzifələri barədə məlumat verib və həyata keçirilən uğurlu təhsil siyasəti, fəaliyyətləri üçün yaradılan şəraitə və gənclərə göstərilən yüksək qayğıya görə minnətdarlığını bildirib.
Sonda gənc müəllimləri maraqlandıran suallar cavablandırılıb və Rayon Təhsil Şöbəsi tərəfindən pedaqoji fəaliyyətdə nəaliyyət qazanmış gənc müəllimlərə fəxri fərmanlar təqdim olunub.