Noyabrın 7-də Bərdə rayon Güloğlular kənd tam orta məktəbinin yeni tədris binasının açılış mərasimi keçirilib.
Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyinin Humanitar Yardım Proqramı çərçivəsində inşa edilən məktəbin açılışında ABŞ-ın müvəqqəti işlər vəkili Viliam Gill, ABŞ Ordusu Mühəndislər Korpusunun, Təhsil Nazirliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Bərdə Rayon İcra Hakimiyyətinin, Rayon Təhsil Şöbəsinin nümayəndələri, məktəbin pedaqoji kollektivi, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev və təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov tədbirdə çıxış edərək, ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, təhsilə göstərilən yüksək dövlət qayğısından danışıblar. Bildirilib ki, Bərdə rayonunda son illərdə 35-ə yaxın məktəb binası tikilib, 25-dən artıq məktəb binası əsaslı təmir edilib.
ABŞ-ın müvəqqəti işlər üzrə vəkili Viliam Gill yeni məktəbin istifadəyə verilməsi münasibətilə müəllim, şagird və valideynləri təbrik edib, məktəblilərə təhsildə uğurlar arzulayıb. Bildirib ki, yeni məktəb təhlükəsiz, sağlam və müasir şəraiti təmin etməklə uşaqların tədris mühitini yaxşılaşdıracaq.
Pedaqoji kollektivin nümayəndələri məktəbin tikintisində əməyi olanlara minnətdarlıqlarını bildirib, yüksək qayğıya əməli işlə cavab verəcəklərini söyləyib, təhsilə göstərdiyi diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə minnətdarlığını bildiriblər.
Açılış mərasimindən sonra tədbir iştirakçıları yeni tədris ocağında yaradılan şəraitlə tanış olublar.
Məlumat üçün bildiririk ki, məktəb 220 şagird yerlikdir, 2 laboratoriya otağı, 1 kompüter otağı, 30 yerlik yeməkxana, 35 yerlik kitabxana, 70 yerlik akt zalı, sanitar qovşağı, qazanxana, nasosxana, içməli su anbarı ilə təchiz olunub.