08.11.2018

Xarici dilin tədrisində dinləyib-anlama məzmun xətti ilə bağlı seminar keçirilib

            Noyabrın 8-də Bərdə Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin ingilis dili müəllimləri üçün xarici dilin tədrisində dinləyib-anlama məzmun xətti ilə bağlı seminar keçirilib.

           Bərdə RTŞ Metodiki Xidmət Mərkəzi tərəfindən təşkil edilmiş seminarın əsas məqsədi ingilis dili fənninin dinləyib-anlama məzmun xətti üzrə standartlarının reallaşdırılması zamanı müəllimləri düşündürən məsələlərin həlli istiqamətində onlara metodiki dəstək göstərməkdir.

             Seminarda Şəhər 4 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Tofiqə Məmmədova dinləyib-anlama məzmun xətti üzrə şagirdlərin sadə sualları cavablandırmaq, müraciətlərə uyğun tapşırıqları ardıcıl icra etmək, dinlədiyi mətndəki fakt və hadisələri qruplaşdırmaq, ümumiləşdirmələr aparmaq kimi bacarıqların yoxlanılması ilə bağlı standartlara uyğun nümunələr təqdim edib.

        RTŞ-nin metodistləri Almaz Ələsgərova və Afət Musayeva şagirdlərin dinləyib-anlama, təhliletmə bacarıqlarını yoxlamaq və inkişaf etdirmək məqsədilə verilən tapşırıqların icrasında ehtiyac yarandıqda müəyyən avadanlıqlardan, audio materiallardan istifadə etmək barədə seminar iştirakçılarına məsləhətlər veriblər.

         Eləcə də, tədris prosesinin daha da təkmilləşdirilməsi istiqamətində səmərəli fikir mübadiləsi aparılıb, ingilis dili müəllimlərinin rəy, təklif və təəssüratları dinlənilib və sualları cavablandırılıb.

              Seminarların tədris ili ərzində davam etdirilməsi nəzərdə tutulur.


Açar sözlər: ,  ,