Noyabrın 14-də Bərdə Rayon İcra Hakimiyyətində “Ölkəmizi tanıyaq” layihəsində iştirak edəcək şagirdlərlə görüş keçirilib. Görüşdə Bərdə Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Təhsil Şöbəsinin əməkdaşları, məktəb direktorları, müəllimlər, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Görüşün keçirilməsində məqsəd "Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiya çərçivəsində Quba-Qusar-Xaçmaz marşrutu üzrə yola düşəcək məktəblilərlə maarifləndirici söhbət aparmaq, onlara layihə haqqında geniş məlumat verməkdən ibarət olub. Bildirilib ki, layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.
Bərdə rayonunun mərkəzi meydanında keçirilən yolasalma mərasimində rayon İcra Hakimiyyəti başçısının müavini Fəqət Şadlinskaya və Təhsil Şöbəsinin müdiri Rzaqulu Şərifov çıxış edərək, şagirdlərə səfərlərinin xoş və mənalı keçməsini arzulayıblar.
Şagirdlər ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, onlar üçün ayrılmış avtobusla Quba-Qusar-Xaçmaz istiqamətində yola düşüblər.
Qeyd edək ki, Bərdə rayonunda "Ölkəmizi tanıyaq" layihəsində 40 nəfər şagird iştirak edəcək. Şagirdlərin seçimi onların intellektual səviyyəsi, nizam-intizamı, bilik və bacarıqlarına əsasən aparılıb.