17.11.2018

Bərdə məktəbliləri “Nə? Harada? Nə zaman?” milli intellektual oyununun qalibi olublar

        Ötən 3 gündə Quba, Qusar və Xaçmaz rayonları ilə tanış olan, tarixi abidələrə, turizm obyektlərinə və istehsal müəssisələrinə ekskursiya edən Bərdə, Ağdam, Tərtər, Ağcabədi, Beyləqan, Goranboy, Naftalan, Xocalı və Laçın məktəbliləri arasında “Nə? Harada? Nə zaman?” milli intellektual oyunu keçirilib.

            “Ölkəmizi tanıyaq” layihəsinin sonuncu günü keçirilən oyunda məktəblilər biliklərini nümayiş etdiriblər. Məlumat verilib ki, “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində ənənəvi olaraq təşkil edilən bu intellektual oyunun keçirilməsində məqsəd şagirdlərin biliklərini və dünyagörüşlərini artırmaq, savadlı gəncləri aşkara çıxarmaqdır.

             İki saat davam edən yarışda ümumilikdə 54 komanda iştirak edib. Məktəblilər hər birinin tərkibində 6 nəfərin olduğu 6 qrupa bölünüblər. İştirakçılara “Ölkəmizi tanıyaq” layihəsinə uyğun olaraq məntiq, tarix, Azərbaycan filmləri, dünyagörüşü, abidələrimiz, dahi şəxsiyyətlər, dünyada baş verən maraqlı hadisələr, məktəbdə tədris olunan fənlər üzrə 24 sual verilib. Şəffaflığın təmin olunduğu yarış gərgin mübarizə şəraitində keçib.

             Oyunun nəticələrinə görə, Bərdənin “Hərum” komandası birinci yeri, Ağdam məktəblilərinin təmsil olunduğu “İmarət” komandası ikinci, “Murov qartalı” komandası isə üçüncü yeri tutub.

             Qaliblərə kubok, medallar və sertifikatlar təqdim olunub.


Açar sözlər: ,