“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya iştirakçılarının Quba-Qusar-Xaçmaz üzrə ekskursiyası uğurla başa çatıb.
Bərdə, Ağdam, Tərtər, Ağcabədi, Beyləqan, Goranboy, Naftalan, Xocalı və Laçın rayonlarından olan məktəblilər noyabrın 17-də Xaçmaz rayonundan yaşadıqları rayonlara yola düşüblər.
Qeyd edək ki, 9 rayondan olan 405 nəfər noyabrın 14-dən 17-dək, Quba, Qusar, Xaçmaz rayonlarının sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər, son illərdə inşa edilən sosial obyektlər, əyləncə və istirahət mərkəzləri, tarixi-mədəni abidələr, turizm obyektləri, muzeylərlə tanış olublar. Maarifləndirici xarakter daşıyan tur-aksiya zamanı məktəblilərə bölgənin tarixi, adət-ənənələri, coğrafiyası, turizm imkanları haqqında məlumat verilib. Şagirdlərin iştirakı ilə intellektual oyunlar, müxtəlif viktorinalar keçirilib, musiqili-əyləncəli gecə təşkil olunub.