20.11.2018

Rayon ümumi təhsil müəssisələri ağacəkmə aksiyasına qoşulublar

         “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə 100 min ağac” devizi altında keçirilən ağacəkmə aksiyasına Bərdə rayon ümumtəhsil müəssisələri də qoşulublar. Belə ki, 1000-dən artıq ağac kolu ümumtəhsil müəssisələrinə çatdırılıb və ağacəkmə aksiyasına start verilib.

             Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə keçirilən aksiyanın məqsədi gənc nəsil arasında ətraf mühitin qorunması, ekoloji tərbiyənin gücləndirilməsi və təbiətə qayğı hissinin aşılanmasıdır.

             Keçirilən aksiyada boş sahələr təmizlənib və yerli iqlim şəraitinə uyğun olan Eldar şamı, Küknar, Sərv və digər ağac növləri əkilib. Ərazidə əvvəlcədən əkilən ağaclara da qulluq göstərilib, dibləri bellənilib, küləkdən qorunmaları üçün xüsusi dayaqlar basdırılıb, yaşıllıqların suvarılması təmin edilib.

          Bir həftə davam edəcək aksiyada 1000-dən çox ağacın əkilməsi nəzərdə tutulur. Aksiya çərçivəsində eldar şamı, küknar, sərv, tut, badam qoz və digər ağac növləri əkiləcək.