Bərdə rayon ümumi təhsil məktəbləri və məktəbdənkənar təhsil müəssisələrində “Talassemiya ilə mübarizə”yə dair tədbirlər təşkil olunub.
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” üzrə Tədbirlər Planının icrası çərçivəsində keçirilən tədbirlərdə məktəb həkimləri, rayon poliklinikalarının əməkdaşları və biologiya müəllimləri iştirak ediblər.
Şagird, valideyn və pedaqoji kollektiv arasında müvafiq sahədə maarifləndirmə işinin, sosial səfərbərliyin təmin edilməsi, talassemiyanın profilaktikasının gücləndirilməsi məqsədilə təşkil olunan tədbirlərdə “Talassemiya irsi xəstəlikdir”, “Talassemiya ilə mübarizə”, “Talassemiyanın daşıyıcılarının aşkar edilməsi məqsədilə tibbi-genetik müayinələrin aparılması”, “Talassemiya daşıyıcısı nə deməkdir?”, “Talassemiyanın profilaktikasının gücləndirilməsi”, “Sağlam ailə sağlam gələcəyin təminatıdır”, “Talassemiyasız həyat naminə” mövzularında sinif təşkilat saatları, seminarlar keçirilib, mühazirələr oxunub.
Tədbirlərdə məktəblilərə xəstəliyin yaranma səbəbləri izah olunub, bu xəstəliyin profilaktikası və müalicəsi haqqında məlumat verilib. Şagirdlər arasında talassemiya xəstəliyi haqqında sorğu keçirilib, mövzu ilə bağlı nümunələr nümayiş etdirilib.
Məktəblərin biologiya müəllimləri tərəfindən təşkil edilən “açıq dərs”lərdə xəstəliyin profilaktikası üçün cəmiyyətin maarifləndirilməsinin və daşıyıcıların araşdırılaraq aşkara çıxarılmasının vacibliyi vurğulanıb.