Yanvarın 16-da Bərdə Rayon Təhsil Şöbəsi Metodiki Xidmət Mərkəzinin təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Qanlı 20 yanvar” mövzusunda rəsm və inşa-yazı müsabiqəsi keçirilib.
Şəhər 5 nömrəli tam orta məktəbdə təşkil olunmuş müsabiqədə RTŞ-nin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri iştirak ediblər.
Müsabiqədən öncə RTŞ-nin müdiri Rzaqulu Şərifov şagirdləri salamlayaraq onlara uğurlar diləyib və müsabiqənin mahiyətindən söz açıb. Qeyd edib ki, Sovet ordusunun Azərbaycanda həyata keçirdiyi bu qətliam Qarabağa qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı döyüş hissələrinin yeridilməsi nəticəsində baş verib. R.Şərifov milli azadlığı, ölkənin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdiyini bildirib.
Sonra şagirdlər müsabiqənin şərtləri ilə tanış olublar. Qeyd edək ki, müsabiqədə 55 orta ümumtəhsil müəssisəsindən 65 nəfər məktəbli rəsm müsabiqəsində, 68 nəfər məktəbli isə inşa yazı müsabiqəsində iştirak edib.
Rəsm və inşa yazı müsabiqəsinin qalibləri müəyyən edilərək Rayon Təhsil şöbəsinin müvafiq diplomları ilə təltif ediləcəklər.