Yanvarın 24-də şəhər 7 nömrəli tam orta məktəbdə Bərdə Rayon Təhsil Şöbəsi, Rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə yeniyetmələr arasında “2 fevral-Gənclər günü”nə həsr olunmuş “Nə? Harada? Nə vaxt?” intellektual oyunu üzrə rayon çempionatı keçirilib.
Çempionatda RTŞ-nin tabeliyində fəaliyyət göstərən 9-u şəhər, 6-sı kənd olmaqla 15 məktəbin komandası iştirak edib.
Yarışın yüksək səviyyədə keçirilməsi və cavabların qiymətləndirilməsi məqsədi ilə 5 nəfərdən ibarət münsiflər heyəti təyin edilib.
Oyun I mərhələdə keçirilib və komandalara 30 sual verilib. Düzgün cavablandırılmış suallar 1 balla qiymətləndirilib.
Hər 10 sualdan sonra 10 dəqiqəlik fasilə verilib və Gənclər və İdman idarəsinin könüllüləri musiqi nömrələri ilə çıxış ediblər.
Yarışda daha çox bal toplayan şəhər 3 nömrəli tam orta məktəbin komandası I, şəhər 8 nömrəli tam orta məktəbin komandası II, şəhər 7 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüb.
Qalib komandalar “2 fevral-Gənclər günü” ilə bağlı keçiriləcək rayon tədbirində diplom və xatirə hədiyələri ilə mükafatlandırılacaqlar.