08.02.2019

“Mənim arzularım” adlı fərdi rəsm sərgisi təşkil olunub

              Bərdə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin istedadlı üzvü Ramin İsgəndərlinin  “Mənim arzularım” adlı fərdi rəsm sərgisi təşkil olunub.

              Sərgi Bakı şəhər 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində keçirilib. Tədbirdə Təhsil Nazirliyinin Məktəbdənkənar Təhsil şöbəsinin əməkdaşı Maral xanım, 3 nömrəli Uşaq-gənclər İnkişaf Mərkəzinin direktoru Lalə xanım, Bərdə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Aynurə xanım iştirak ediblər.

        Bərdə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Aynurə xanım çıxışı zamanı bildirib ki, gənc olmasına baxmayaraq, məzmunlu rəsm əsərləri ilə diqqət çəkən Ramiz İsgəndərlinin bu fərdi sərgisi həm də onun sənətsevərlərə yaradıcılıq hesabatıdır.

              Təhsil Nazirliyinin Məktəbdənkənar Təhsil şöbəsinin əməkdaşı Maral xanım qeyd edib ki, sərgilənən əsərlərdə daim axtarışda olan, fərqli yaradıcılıq üslubuna malik bir gənc rəssamın dəst-xətti aydın görünür.

              3 nömrəli Uşaq-gənclər İnkişaf Mərkəzinin direktoru Lalə xanım Ramiz İsgəndərlinin rəsm əsərlərini çox bəyəndiyini vurğulayaraq, ona yeni yaradıcılıq uğurları arzulayıb.

         Sonra iştirakçılar sərgi ilə tanış olublar. Sərgidə təsviri sənətdə öz sözünü cəsarətlə deyən gənc rəssam Ramiz İsgəndərlinin 23-a yaxın əsəri nümayiş etdirilib.

              Tədbirin sonunda Ramiz İsgəndərli Təhsil Nazirliyinin diplomu ilə təltif olunub.


Açar sözlər: ,