Fevralın 12-də Bərdə Rayon Təhsil Şöbəsinin təşəbbüsü ilə Mollalı kənd tam orta məktəbinin VIII sinif şagirdi Xumar Nəsiblinin Bərdə rayon Rəsm Qalareyasında fərdi rəsm sərgisi təşkil edilib.
Sərgidə Bərdə rayon İcra hakimiyyətinin müavini Fəqət Şadlinskaya, rayon Təhsil şöbəsinin müdiri Rzqulu Şərifov və şöbənin işçiləri, Rəsm Qalareyasının əməkdaşları, rayon Gənclər və İdman idarəsinin nümayəndəsi Aydın Qasımov, şəhər məktəblərinin müəllim və şagird kollektivi iştirak ediblər.
Gənc rəssamın 50-dən çox müxtəlif texnikalarda təsvir etdiyi rəsmlər rəng həllinə, kompozisiya quruluşuna, məzmun müxtəlifliyinə görə bir-birindən maraqlı idi.
Tədbiri giriş sözü ilə açan Bərdə RTŞ-nin müdiri Rzaqulu Şərifov bildirib ki, Xumar Nəsibli indiyə qədər iştirak etdiyi rəsm müsabiqələrində daima uğurlar qazanıb. O, məktəblərdə təhsil alan şagirdlərin yaradıcı imkanlarının aşkarlanması və inkişaf etdirilməsi üçün onların müxtəlif müsabiqələrdə, sərgilərdə davamlı iştirakının təmin edildiyini vurğulayıb.
R.Şərifov çıxışının sonunda sərginin keçirilməsi üçün yaratdığı şəraitə görə Bərdə rayon Rəsm Qalareyasının rəhbərliyinə təşəkkürünü bildirib.
Bərdə rayon İcra hakimiyyətinin müavini Fəqət Şadlinskaya çıxışında gənc rəssamın əl işlərinə münasibət bildirərək, ona yaradıclıq uğurları arzulayıb.
İştirakçılar sərgi ilə tanış olduqdan sonra gənc rəssam Xumar Nəsibliyə Təhsil şöbəsi və Bərdə rayon Həmkarlar Təşkilatının fəxri fərman və hədiyyələri təqdim olunub.