Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsinə əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə “Ölkəmizi tanıyaq” adı ilə keçirilən maarifləndirici tur-aksiyaya Bərdə məktəbliləri də qoşulublar. Ağdam, Ağcabədi, Bərdə və Beyləqan rayonlarından, ümumilikdə, 160 məktəbli martın 23-26-da “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Qəbələ, Şəki və Zaqatala rayonlarını daha yaxından tanıyacaqlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaya qoşulan Bərdə rayonunun məktəbliləri Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə ekskursiyaya başlayıblar.
Məktəblilərlə keçirilən görüşdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev və Təhsil Şöbəsinin müdiri Rzaqulu Şərifov çıxış edərək, layihənin yeniyetmə və gənclərin dünyagörüşünün formalaşmasında, vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində mühüm rol oynadığını vurğulayıb, onlara səfərlərinin xoş və mənalı keçməsini arzulayıblar. Qeyd edilib ki, “Ölkəmizi tanıyaq” devizi ilə təşkil olunan tur-aksiyanın məqsədi məktəblilərə ölkəmizi daha yaxından tanıtmaqdan, Azərbaycan tarixini, mədəniyyətini, ayrı-ayrı bölgələrin adət-ənənələrini dərindən öyrətməkdən və gənclərdə milli-mənəvi dəyərlərə hörmət aşılamaqdan ibarətdir.
Çıxış edənlər şagirdlərə səfər zamanı digər rayonlardan olan iştirakçılara Bərdənin qədim tarixi və müasir inkişafı haqqında məlumat verməyi, keçiriləcək intellektual yarışlarda fəal olmağı tövsiyə edib və növbəti tur-aksiyaların gözəl Qarabağımıza təşkil olunmasını arzulayıblar.
Şəhər 3 nömrəli tam orta məktəbin şagirdi Güllü Qədimova AZƏRTAC-a müsahibəsində deyib: “Şəki, Qəbələ və Zaqatala rayonları barədə xeyli məlumatım var. Bilirəm ki, bu bölgə tarixi abidələrlə zəngindir, eyni zamanda, gözəl təbiətə malikdir. Bölgə haqqında televiziyadan, kitablardan aldığım məlumatları bu səfərimlə daha da zənginləşdirəcəyəm. Həm də ekskursiyaya şagirdlərlə birgə getmək çox maraqlı olacaq".
Digər şagird Nəriman Səmədzadə isə deyib: "Ölkəmizin bölgələrini gəzdikcə Azərbaycanın nə qədər qədim tarixə, zəngin mədəniyyətə, gözəl və rəngarəng təbiətə malik olduğunu görürəm. Bu səfər zamanı Vətənimizin gözəl bölgəsi ilə yaxından tanış olacağıq. Tur-aksiya zamanı çox şey öyrənəcəyik. Bunun üçün tur-aksiyanın təşkilatçılarına minnətdarlığımı bildirirəm”.
Şagirdlər ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, onlar üçün ayrılmış avtobusla Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə yola düşüblər.