Mayın 23-də Xanqaraqoyunlu kənd tam orta məktəbində “Gənclərin radikal meyillərdən qorunması” mövzusunda tədbir keçirilib. Tədbirdə məktəbin gənc müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Bərdə Rayon İcra Hakimiyyətinin əməkdaşı Asif Abbasov tədbirdə bu cür dini maarifləndirmə tədbirlərinin gənclərin radikalizm təhlükəsindən qorunması baxımından rolundan danışıb.
Bərdə rayon gənclər və idman idarəsinin rəisi Hikmət Ələkbərli radikalizmin yaranmasından, ona dəstək verən, respublikamızın inkişafına mane olmaq istəyən qüvvələrdən, dünyada və ölkəmizdə radikalizmlə aparılan mübarizədən söz açıb.
Bərdə rayon gənclər və idman idarəsinin rəis müavini Aydın Qasımov “Gənclərin radikal meyillərdən qorunması” mövzusundakı çıxışında Azərbaycanda radikalizm və ekstremizmə qarşı mübarizə çərçivəsində keçirilən maarifləndirmə tədbirlərindən bəhs edib, radikalizmin yayılmasının və gənclərin radikal qrupların təsiri altına düşməsinin qarşısının alınması istiqamətində birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb.
Məktəbinin direktoru Nizami İsayev dini radikalizmin fəsadları barədə çıxış edərək, uşaqların bu təhlükədən uzaq qalması üçün müəllimlərin və valideynlərin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib.
Sonra “Şəhadət” sənədli filmi nümayiş etdirilib və filmlə bağlı müzakirələr aparılıb.
Sonda şagirdlərin mövzuya dair sualları cavablandırılıb.