06.09.2019

Tələbə adını qazanmış məzunlarla görüş keçirilib

                    Bərdə Şəhər Mədəniyyət Mərkəzinin iclas zalında tələbə adını qazanmış məzunlarla görüş keçirilib.

                 Görüşdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev başda olmaqla rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri, İcra nümayəndələri, ziyalılar, valideynlər və bu il ali məktəbə qəbul olunmuş tələbələr iştirak ediblər.

                Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ilk öncə Akademik Z.Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyin şagirdləri tələbə adını qazanmış məzunları kompozisiya ilə təbrik ediblər.

             Tədbiri rayon İcra Hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Fəqət Şadlinskaya açıb, təhsilin inkişafına göstərilən dövlət qayğısından, bu sahədə əldə edilən uğurlardan danışıb. Bildirib ki, təhsilin inkişafı ölkəmizdə daim diqqət mərkəzində saxlanılır. Tədris müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, yeni məktəb binaları inşa edilir, mövcud məktəb binaları təmir olunur və ya yenidən qurulur. Respublikamızın digər bölgələrində olduğu kimi, Bərdə rayonunda da təhsilin inkişafı istiqamətində mühüm işlər görülür. Təhsilə göstərilən xüsusi diqqət və qayğının nəticəsidir ki, rayon üzrə ali məktəblərə daxil olanların sayı ildən-ilə artır.

                Rayon İcra Hakimiyyətinin başçısı V. İsayev çıxış edərək bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev bütün fəaliyyəti dövründə təhsilə çox böyük önəm verib. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan təhsil siyasəti möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün uğurla davam etdirilir. Daha sonra bildirib ki, Bərdə rayonunda bu il attestat alan məzunların sayı 1148 nəfər olub, onlardan 3 nəfər “Qızıl medal”, 2 nəfər “Gümüş medal”, 26 nəfər fərqlənmə, 1119 nəfəri adi attestat alıb və ali məktəbə sənəd verən məzunların sayı 810 nəfər olub. Onlardan 608 nəfəri ali məktəblərə qəbul olublar. Ali məktəbə qəbul olan məzunlardan 115 nəfəri 500-dən, o cümlədən 34 nəfəri isə 600-dən yuxarı bal toplayıb.

                 Tədbirdə rayon Təhsil şöbəsinin müdiri, respublikanın Əməkdar müəllimi Rzaqulu Şərifov, Saatlı kənd tam orta məktəbin direktoru Vüqar Quliyev, tələbə adını qazanmış tələbələr çıxış edərək uğur qazanmalarında əməyi keçən hər kəsə təşəkkürlərini bildiriblər.

                  Tədbirin sonunda uğurlu nəticələr əldə etmiş müəllim və tələbələrə Fəxri Fərman və 500-dən və 600-dən yuxarı bal toplamış 115 nəfər məzuna qiymətli hədiyyələr təqdim olunub.

                    Görüş Regional Bərdə Mədəniyyət İdarəsinin təşkil etdiyi konsert proqramı ilə yekunkaşıb.


Açar sözlər: ,  ,