10.09.2019

“Kimyadan labaratoriya işlərinin və kimyəvi təcrübələrin animasyon filmləri” layihəsinin  təqdimatı keçirilib

          Sentyabrın 9-da Bərdə rayon Təhsil şöbəsinin iclas zalında Təhsildə İnkişaf və innovasiyalar üzrə III Qrant müsabiqəsinin qaliblərindən biri olan “Kimyadan labaratoriya işlərinin və kimyəvi təcrübələrin animasyon filmləri” layihəsinin  təqdimatı keçirilib.

             Tədbirdə layihə təlimçiləri, Bərdə rayon Təhsil Şöbəsi metodkabinetinin direktoru Xuraman Qurbanova, RTŞ-in metodisti Zövqiyyə Əsədova və kimya müəllimləri işitirak ediblər.

             Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Elşən Məmmədov bildirib ki, Ümumtəhsil sistemində kimya fənni üzrə labaratoriya işlərinin təşkili və keçirilməsi mühüm təlim-tərbiyəvi əhəmiyyətə malikdir.“Nəzəriyyənin praktika ilə əlaqələndirilməsi biliklərin daha yaxşı qavranılması, möhkəmləndirilməsi və kimyəvi anlayışların formalaşmasında ekspermentlər mühüm rol oynayır. Lakin əksər məktəblərdə labaratoriyaların olmaması və ya normal təchizatın olmaması bu təcrübələrin aparılmasını mümkünsüz edir. Dəfələrlə dərslərimdə təcrübələri uşaqlara canlı nümayiş etdirmək istədə buna imkan olmayıb. Sözsüz ki, zamanla bu problemlər aradan qalxacaq. Lakin daha praktik bir həll yolu tapmaq lazım idi.

            Təhsil Nazirliyinin İnkişaf və İnnovasiyalar üzrə III qrant müsabiqəsi mənə işıq oldu. Siniflər üzrə labaratoriya işlərinin, kimyəvi təcrübələrin animasiya filmlərini yaratmaq ideyası yarandı. Siniflər üzrə labaratoriya işlərinin, lazımlı kimyəvi təcrübələrin animasiya vasitəsi ilə çatdırmaq canlı labaratoriya effektini verməsə də, onun təsirinin 90 %-ni üstələmiş olacaq. Eyni zamanda, bu filmlərin yayılması, nümayiş etdirilməsi üçün labaratoriya qurulmasında lazım olan astronomik büdcəyə də ehtiyac olmaması işin mümükünlüyündən xəbər verir. Üstəlik bəzi təcrübələrin təhlükəsizlik baxımından çox diqqət tələb etdiyini nəzərə alsaq, bu yolla təcrübəni canlı olmasa da təhlükəsiz izləmək şansı əldə etmiş olarıq”.

              Daha sonra RTŞ-nin metodisti Zövqiyyə Əsədova çıxış edib. O, lahiyənin uğurlu olacacağına əminlik bildirərək, digər  müəllimlərə də qrant müsabiqəyə qoşulmağı tövsiyyə edib.

              Bərdə rayon Təhsil şöbəsinin metodkabinetinin müdiri Xuraman Qurbanova çıxış edərək, lahiyənin bütün kimya müəlliməri üçün gözəl resurs olacağını və şagirdlərin dərsi daha yaxşı mənimsəməsinə, kimyanı sevmələrinə səbəb olacağını bildirib.

                  Sonda kimya müəllimləri layihədə istifadə olunacaq təcrübələr haqqında müzakirə aparıb.