18.11.2019

“Kimyadan labaratoriya işlərinin və kimyəvi təcrübələrin animasyon filmləri” layihəsinin yekun hesabat tədbiri keçirilib.

            Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi”ndə fərdi kateqoriya üzrə qalib olmuş Bərdə rayon S.Xudaverdiyev adına Kürborakı kənd tam orta məktəbin kimya müəllimi Elşən Məmmədovun “Kimyadan labaratoriya işlərinin və kimyəvi təcrübələrin animasyon filmləri” layihəsinin yekun hesabat tədbiri keçirilib.

            Bərdə rayon təhsil şöbəsinin akt zalında keçirilən tədbirdə RTŞ-nin əməkdaşları, məktəb direktorları və müəllimlər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan RTŞ-nin metodisti Zövqiyyə Əsədova öz çıxışında bildirib ki, artıq üçüncü ildir ki, Təhsil Nazirliyi tərəfindən bu müsabiqə həyata keçirilir. Təhsil Nazirliyi tərəfindən elan olunan təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi çərçivəsində qalib olan 53 ümumi təhsil müəssisəsi və 115 fərdi kateqoriya üzrə seçilən layihələr ölkəmizin 50-ə yaxın rayon və şəhərində icra olunmaqdadır. Bərdə rayonu üzrə 4 nəfər qalib olub və layihəsini icra etdirir.

             Daha sonra layihə rəhbəri Elşən Məmmədov çıxış edərək layihə çərçivəsində görülən işlər barədə hesabat verib. O, layihəsində hazırladıqları animasiyaların kimya müəllimləri üçün bir resurs olacağını qeyd edib və təkcə Bərdə müəllimləri deyil, digər region və paytaxt müəllimlərinin də bundan istifadə edə biləcəyini vurğulayıb. E.Məmmədov bildirib ki, filmlər həmçinin şagirdlər üçün motiviasiya olacaq.

              Sonda animasiya filmləri izlənilib və mövzu ətrafında müzakirələr aparılıb.


Açar sözlər: ,  ,