Təhsil şöbəsinin və rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə 20 noyabr 1991-ci ildə Xocavənd rayonunun Qarakənd səmasında ermənilər tərəfindən vurulmuş helikopterdə həlak olanların xatirəsinə həsr olunmuş güllə atıcılığı üzrə məktəblilərin IX ənənəvi rayon birinciliyi keçirilib.
Şəhər 6 nömrəli tam orta məktəbdə keçirilən yarışda rayonun 45 tam orta məktəbindən (9 şəhər, 36 kənd) 180 nəfər (90 qız, 90 oğlan) yuxarı sinif şagirdləri iştirak ediblər.
Öncə həlak olanların ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə Bərdə rayon Gənclər və İdman idarəsinin rəis müavini Aydın Qasımov açaraq iştirakçıları təşkilatçılar adından salamlayıb və Qarakənd faciəsi haqqında məlumat verərək qeyd edib ki, bu tədbirin keçirilməsində əsas məqsəd faciə qurbanlarının xatirəsini bir daha yad etmək, yeniyetmə və gənclər arasında hərbi-vətənpərvərlik tərbiyəsi işini daha da gücləndirməkdən ibarətdir. Təhsil şöbəsinin metodisti, yarışın baş hakimi İsa Abbasov tədbirin əhəmiyyətini vurğulayaraq, gənclərdə vətənpərvərlik tərbiyəsinin gücləndirilməsində belə tədbirlərin vacibliyindən danışıb və yarış barədə komandalara ətraflı məlumat verib.
Yarış pnevmatik tüfəngdən hər iştirakçıya 3 güllə olmaqla 6 metr məsafəyə atəş açmaqla keçirilib.
Daha yaxşı nəticə göstərən Y. Kərimov adına Yeni Daşkənd kənd tam orta məktəbinin komandası I, N. Malıyev adına Qaradırnaq kənd tam orta məktəbin komandası II və G. Qarayev adına Mustafaağalı kənd tam orta məktəbinin komandası isə III yerə layiq görüblər.
Oğlanlar arasında N. Gəncəvi adına Bərdə şəhər 2 nömrəli tam orta məktəbin komandasının üzvü Cabbarov Kənan Samir oğlu, qızlar arasında isə G. Qarayev adına Mustafaağalı kənd tam orta məktəbinin komandasınin üzvü Yusifli Nigar Mustafa qızı daha çox xal toplayaraq birinci olublar.
Qalib komandalar və yüksək nəticə əldə etmiş şagirdlər Bərdə rayon Gənclər və İdman idarəsinin müvafiq dərəcəli diplomları ilə təltif olunublar.