03.12.2019

"Danışan yol nişanları" adlı maarifləndirici tədbir keçirilib

              Bərdə rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə şəhər 8 nömrəli tam orta məktəbdə "Danışan yol nişanları" adlı maarifləndirici tədbir keçirilib.

            Tədbirdə Bərdə rayon İcra Hakimiyyətinin nümayəndəsi Anar Hətəmov, rayon Polis şöbəsinin rəisi, polkovnik Muradəli Babayev, RPŞ-nin Dövlət Yol Polis Bölməsinin rəisi polis polkovnik-leytinantı Anar Cəlilov, Təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov, Sumqayıt, Gəncə, Mingəçevir, Ağdam Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktorları və metodistləri, o cümlədən məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

         Tədbiri giriş sözü ilə açan Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Aynurə Əyyubova bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd məktəblilər arasında yol hərəkəti haqqında qanunun tələbləri barədə informasiyanı yaymaq, onları maarifləndirmək, bilik və bacarıqlarını üzə çıxarmaqdır. O qeyd edib ki, tədbirin məktəbdə keçirilməsinin səbəbi budur ki, azyaşlılar, məktəblilər də yol qəzalarının qurbanı olur. Bu səbəbdən azyaşlıları, məktəbliləri maarifləndirməyə ehtiyac var.

             Rayon Polis Şöbəsinin rəisi, polkovnik Muradəli Babayev çıxışında qeyd edib ki, “Tədbir uşaqlarda motivasiya yaratdı, şagirdlər yol hərəkəti qaydaları ilə bağlı çoxlu faydalı məlumatlar əldə etdilər. Bu cür tədbirləri davam etdirmək olduqca vacibdir”.

            Sonra mərkəzin üzvü olan şagirdlər hazırladıqları kompazisiya ilə çıxış edib, onların ifasında mövzu ilə bağlı mahnılar səsləndirilib, müxtəlif səhnəciklər nümayiş etdirilib.

                Tədbirin sonunda Sumqayıt şəhər 1nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin metodistlərinə, dərnək üzvlərinə və tədbirdə fərqlənən şagirdlərə Bərdə rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən Fəxri fərmanlar təqdim olunub.


Açar sözlər: ,  ,