Dekabrın 17-də Bakı şəhəri Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə V Respublika fənn müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Mərasimdə riyaziyyat fənni üzrə I yeri tutaraq qızıl medala layiq görülən Bərdə şəhər Akademik Z.Əliyeva adına texniki təmayüllü məktəb-liseyin VI sinif şagirdi İsmayıl Əmrahzadəyə də diplom, medal və hədiyyələr təqdim edilib.
Qeyd edək ki, V Respublika fənn müsabiqələri riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə VI-VII sinif şagirdləri arasında iki mərhələdə keçirilib. Müsabiqələrin rayon (şəhər) mərhələsində 22 mindən çox, final mərhələsində isə 5 minə yaxın şagird iştirak edib. Müsabiqənin nəticələrinə əsasən, ümumilikdə 151 nəfər qalib elan olunub. Onlardan 25 nəfər qızıl, 50 nəfər gümüş, 76 nəfər isə bürünc medal qazanıb. 261 nəfər şagirdə isə yüksək nəticə göstərdiklərinə görə həvəsləndirici sertifikat təqdim olunub.