Bərdə Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə məktəblilər arasında 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunan "20 Yanvar qan yaddaşımızdır" mövzusunda rəsm müsabiqəsi keçirilib.
Şəhər 7 nömrəli tam orta məktəbdə təşkil olunan rəsm müsabiqəsində məktəblilər qarşısında çıxış edən Metodiki Xidmət Mərkəzinin direktoru Xuraman Qurbanova 19-dan 20-nə keçən gecə sovet imperiyası hərbi hissələrinin Bakıda dinc, əliyalın insanları, o cümlədən uşaqları, qadınları, qocaları gülləbaran etməsi, hətta qadağan olunan silah və sursatdan istifadə olunması barədə ətraflı danışıb, bu faciənin Azərbaycan tarixinin qanla yazılan səhifələrindən olduğunu vurğulayıb.
Rəsm müsabiqəsində 12 məktəbdən 25 şagird iştirak edib. Onlar ayrılan 90 dəqiqə ərzində hiss və duyğularını kağız üzərinə köçürüblər.
Çəkilən rəsmləri qiymətləndirən münsiflər heyəti sonda üç ən yaxşı əl işini elan ediblər. Şəhər 3 nömrəli tam orta məktəbin VII sinif şagirdi Təhminə Qasımova çəkdiyi rəsm I yerə layiq görülüb. Şəhər 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi Kərim Nəcəfov II, şəhər 3 nömrəli tam orta məktəbin VII sinif şagirdi Leyla Ağayevaisə üçüncü yeri tutub.
Hər üç rəsmin müəllifinə təhsil şöbəsinin diplomları təqdim ediləcək.