Fevralın 21-də Bərdə Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində şagird və müəllimlərin iştirakı ilə Beynəlxalq Ana dili Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib.
Təhsil işçiləri, məktəbin müəllim, şagird kollektivi və valideynlərin iştirakı ilə keçirilən tədbirlər Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başlayıb.
Keçirilən tədbirlərdə Beynəlxalq Ana dili gününün yaranma tarixi haqqında məlumat verilib, məktəblilərin ifasında Ana dilimizə həsr olunmuş Tofiq Bayramın “Öz ana dilini bilməyənlərə”, Bəxtiyar Vahabzadənin “Ana dili”, Teyyub Qurbanın “Ana dilim”, Süleyman Rüstəmin “Dilimə dəymə”, “Ana dilim” şeirləri, “Ey vətən”, “Şirin dil”, “Ana dili”, “Azərbaycan Diyarı”, “Bu gözəl vətən bizimdir” adlı mahnılar səslənib və kompazisiyalar nümayiş etdirilib.
Çıxış edənlər şagirdlərə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirməklə bağlı söhbətlər açıblar. Qeyd olunub ki, Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri var. Bu gün də Azərbaycan dövləti milli-mənəvi dəyərlərin qorunmasına və dilimizin inkişafına böyük qayğı ilə yanaşır. Ana dilimizin saflığını qorumaq, inkişaf etdirmək və onu dərindən öyrənmək hər bir azərbaycanlının vətəndaşlıq borcudur.