28 May - Respublika Günü ərəfəsində Bərdə rayon Qazaxlar və Xəsili kənd tam orta məktəblərin bir qrup müəllim və şagirdləri torpaqlarımızın erməni işğalından azad olunması uğrunda başlanan və 44 gün davam edən Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan polkovnik-leytenant Elzamin Təhməzov və gizir Xudayar Yusifzadənin ev muzeylərini ziyarət ediblər.
Hər iki məktəbin təşkilatçılığı ilə reallaşan səfər zamanı kollektivlər öncə şəhidlər xiyabanını ziyarət edib, məzarları üzərinə gül dəstələri qoyublar. Sonra məktəb kollektivləri polkovnik- leytenant Elzamin Təhməzovun və “Vətən yaxşıdır” mahnısı ilə dastana dönən şəhid Xudayarın xatirəsinə yaradılmış ev-muzeylərində də olub, onların ailə üzvləri ilə görüşüblər.E.Təhməzovun xanımı Günay Təhməzova, X. Yusifzadənin nənəsi Tovuz Məmmədova və anası Radə Qurbanova şəhidlərin uşaqlıq və gənclik illəri ilə bağlı xatirələrindən, döyüş yollarından danışıblar.
Məktəb rəhbərləri xalqımıza belə qəhrəman oğullar bəxş etdiklərinə görə ailələrə minnətdarlıqlarını bildiriblər.