Anım Günü ilə bağlı məktəblərdə, seminarlar, mühazirələr, “Dəyirmi masa”lar, “Açıq dərs”lər, vebinarlar, ədəbi-bədii kompozisiyalar, foto və rəsm sərgiləri təşkil olunub.
Tədbirlərdə Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, 27 sentyabr Anım Günü barədə şagirdlərə məlumat verilib. 2020-ci il sentyabrın 27-dən Ermənistanın ölkəmizə qarşı başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda Vətən Müharibəsinə başladığı şagirdlərin diqqətinə çatdırılıb. Qəhrəman oğullarımızın şücaəti, şəhidlərimizin qanı, canı bahasına bütün dünyanın Azərbaycanın şanlı qələbəsinə şahid olduğu və bu zəfərin həm də “Ermənistanın güclü ordusu var”, “erməni xalqı döyüşkən xalqdır” kimi miflərə birdəfəlik son qoyduğu bildirilib.
Qeyd edək ki, məktəblərdə Vətən Müharibəsində qəhrəmanlıq göstərən əsgər və zabitlərlə, qazilərlə, şəhidlərin ailə üzvləri ilə görüşlər keçirilib, onların həyat və mübarizə yolunu əks etdirən videoçarxlar nümayiş olunub.
Həmçinin təhsil müəssisələrində Anım Gününə həsr olunmuş yaradıcılıq müsabiqələri (rəsm, inşa, şeir, mahnı, əl işləri, videoçarx, təqdimat), intellektual oyunlar da keçirilib.
Təhsil müəssisələrində işğaldan azad edilmiş bölgələrin tarixi, coğrafiyası, flora və faunası, mədəni abidələri, dini ibadətgahları, adət-ənənələri, tanınmış şəxsiyyətləri ilə bağlı tədbirlər təşkil edilib, həyata keçirilən quruculuq işləri barədə şagirdlərə geniş məlumatlar verilib, videomateriallar nümayiş olunub.
Bundan əlavə, təhsil müəssisələrində Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyaları da keçirilib.