14.07.2022

Füzuli rayonu üzrə yer tutmuş şagirdlər mükafatlandırılıb

İyulun 14-də məktəblilər arasında “Şuşa ili” nə həsr olunmuş “Könlüm keçir Qarabağdan” adlı respublika  incəsənət festival-müsabiqəsində Füzuli rayonu üzrə yer tutmuş şagirdləri mükafatlandırılıb.

 

Təhsil Nazirliyinin 29 mart 2022-ci il tarixli, F-148 nömrəli əmrinə əsasən məktəblilər arasında “Şuşa ili” nə həsr olunmuş “Könlüm keçir Qarabağdan” adlı respublika incəsənət festival-müsabiqəsi keçirilib. Festival–müsabiqəsinin  yekun konserti cari ilin 1 iyun tarixində  müsabiqədə I yerə layiq görülmüş məktəblilərin iştirakı ilə Şuşa şəhərində təşkil edilib.

 

Məktəblilər arasında keçirilən “Könlüm keçir Qarabağdan“ adlı respublika incəsənət festival–müsabiqəsi qaliblərindən Füzuli rayon məktəblilərinin də payına düşüb. Belə ki, Füzuli rayon 26 nömrəli tam orta məktəbin V sinif şagirdi Əliyev Müstəcəb Mətləb oğlu muğam və təsniflər üzrə I yerə, Horadiz şəhər 2 nömrəli  tam orta məktəbin şagirdləri Hüseynova Xuraman Ceyhun qızı və Novruzova Məftunə Elşən qizi dram nominasiyası üzrə II yerə layiq  görülmüşlər.

 

Qeyd edək ki, Təhsil Nazirliyi Uşaq və gənclərin yaradıcılığı sektorunun müdiri Şirəliyev Qeyrət İbiş oğlu Füzuli rayonu üzrə müsabiqədə müvafiq yer tutmuş şagirdlərin mükafatlandırılmasında iştirak edib.


Açar sözlər: ,  ,  ,