Sentyabrın 7-də Qarabağ Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib.
Konfrasdan əvvəl ümummilli lider Heydər Əliyevin xatirəsinə ucadılmış abidə ziyarət edilib, önünə gül dəstələri qoyulub. Daha sonra konfransın keçirildiyi Bərdə şəhər 4 nömrəli tam orta məktəbdə təşkil edilmiş sərgi ilə tanışlıq olub.
Konfransı giriş nitqi ilə açan Qarabağ Regional Təhsil İdarəsinin müdir müavini Anar Məcidov idarənin tabeliyində olan təhsil müəssisələri haqqında məlumat verib.
Daha sonra çıxış edən Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdir müavini Orxan Abbasov əvvəlcə 2022-2026-cı illər üzrə təhsil strategiyasının məzmunu ilə bağlı konfrans iştirakçılarına məlumat verib. Orxan Abbasov növbəti illərdə qarşısında duran ən vacib məsələlər və müəyyən olunmuş hədəfləri qeyd edib.
Konfransda Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin 2021-2022-ci il tədris ili üçün göstəricilərinə dair statistik məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, bir çox məsələlər ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.